“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti media nümayəndələrinin Mingəçevir, Gəncə, Goranboy, Göygöl rayonları istiqamətinə mediaturunu təşkil edib.
Oxu.Az-ın məlumatına görə, media nümayəndələri ilk olaraq ASC-nin Mingəçevirdə yerləşən yarımstansiyaları ilə tanış olub.
Jurnalistlərə məlumat verilib ki, ölkə üzrə istehsal edilən enerjinin 65 faizini Mingəçevir ödəyir və 11 rayonu əhatə edir:
“Mingeçevir su anbarında 11 milyard kubmetrə yaxın su var. Uzunluğu 75 kilometr, ən ensiz hissəsi isə 6-14 kilometr, dərinliyi 25-40 metr arası dəyişir. Bu su anbarı 75 metr hündürdə yerləşdiyi üçün heç bir təhlükəsi yoxdur.
Bəndlərin əhatəsində SES tikilib. Burada mexaniki enerji elektrik enerjisinə çevrilir. Zaqafqaziyada ən böyük İES də burada yeləşir”.
KİV nümayəndələri daha sonra Goranboyda yeləşən 110/35/10 kilovoltluq “Dəliməmmədli” yarımstansiyasında olublar.
Məlumat verilib ki, “Dəliməmmədli” yarımstansiyası vasitəsilə Dəliməmmədli şəhərinin və ətraf 21 yaşayış məntəqəsinin, eyni zamanda 35 kilovoltluq “Azad” hava xətti üzərində olan 35/10 kilovoltluq Azad və 35/10 kilovoltluq “Alıuşağı” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir:
“Yarımstansiyadakı 110 kilovoltluq açıq paylayıcı qurğu müasir tipli yeddi eleqaz açarla təchiz edilib.
Bununla yanaşı, yarımstansiyada səkkiz çıxış fideri olan 35 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu, 33 çıxış fideri olan dörd giriş, iki bölmədən ibarət 10 kilovoltluq müasir tipli qapalı paylayıcı qurğu quraşdırılıb.
“Dəliməmmədli” yarımstansiyasında qısa qapanmaları məhdudlaşdırmaq üçün hər iki 40 MVA transformatorun 10 kilovoltluq tərəfində hər biri 2500 amperlik altı reaktor qurğusu əlavə olunub”.
Növbəti dayanacaq Gəncə istiqamətində olub. Burada ümumi sahəsi 1700 kvadratmetr 35/6 kV-luq “Nizami” yarımstansiyasının fəaliyyəti ilə tanış olublar.
Bildirilib ki, ərazini dayanıqlı elektrik təchizatı ilə təmin etmək üçün yarımstansiyada 35/6 kilovoltluq 10 MVA gücündə iki transformator və 35/6 kilovoltluq Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb.
Bir sıra başqa elektrik avadanlıqları, elektron tipli mühafizə cihazları və avtomatikası, sistemlərə nəzarət etmək üçün onlayn nəzarət kabinləri, açılma və qoşulmaların avtomatik idarəedilməsini asanlaşdıran qurğular quraşdırılıb.
Yeni stansiya altı mindən artıq abunəçinin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdıracaq. Bunların da 2300-dən çoxu əhali qrupuna aid abunəçilərdir.
Səfər çərçivəsində jurnalistlər həm də 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasına da baş çəkib. Məlumata görə, Gəncə şəhərinin mərkəzi hissəsinin 30%-dən çoxunun elektrik enerjisi ilə təminatın 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyasının payına düşür.
Adıçəkilən yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni-Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.
İlhamə Əbülfət
www.oxu.az