Erməni bloqer Vlad Maqa Dağlıq Qarabağda çəkdiyi süjeti yayımlayıb.
Yenə Belarus bayrağı ilə Azərbaycandan Gürcüstan vasitəsilə Ermənistana, oradan isə Dağlıq Qarabağa keçib.
Videoya baxanda onun “məşhurlaşdığı” dövrdə cavabsız qalmış suallara aydınlıq gəlir.
Birincisi, həqiqəti araşdırmaq və göstərmək istədiyini deyən şəxs yerlərin yalnız erməni adlarını səsləndirir. Və ümumiyyətlə, onun süjeti anti-Azərbaycan xarakteri daşıyır. O, hamını bu yerlərə gəlməyə çağırır, bununla yanaşı, deyir:
“Bu, super hissdir, buraya gəlin, ancaq ehtiyatlı olun – başqasının ərazisinə getməyin!”
Bu erməni bambılısı başa düşmür ki, işğal altındakı Qarabağda gəzən hər kəs başqasının ərazisindədir.
Ancaq bununla bağlı bir az sonra danışacağıq. Süjetə qayıdaq. Vlad Maqa Şuşa küçələrində gəzərkən sual verir:
Azərbaycanla Dağlıq Qarabağ arasında minalanmış ərazi olduğu halda, azərbaycanlılar bu ərazinin onlara məxsus olduğunu necə deyə bilərlər? Ermənistandan buraya gəlmək üçün, sadəcə, pasportu göstərmək lazımdır”.
CAVAB: 25 il əvvəl ermənilər bu əraziləri işğal edib və hazırda oranı öz nəzarətində saxlayır.
Süjetdəki daha bir maraqlı məqam erməni casusun Xankəndi şəhərinin sakinlərindən biri ilə söhbəti olub. Xankəndində sürücü işləyən sakin bu ərazilərdə nəyə görə az insanın yaşadığı ilə bağlı suala belə cavab verib:
“Burada yaşamaq mümkün deyil, hamı Rusiyaya köçüb. Burada çox çətindir”.
Bloqer özü də bilmədən uzun müddətdir dünya ictimaiyyətinə məlum olan həqiqəti göstərir. Dağlıq Qarabağda ermənilərin aşağı sosial vəziyyəti haqqında biz məlumatlı idik, ancaq vaxtilə Zaqafqaziyada iqtisadi və sosial cəhətdən ən çox inkişaf etmiş yerdəki indiki vəziyyət təəccüblü görünür.
Ağdam, Ağdərə, Şuşa və Xankəndinin küçələrindəki evlər, məktəblər dağıdılıb. O, evlərin divarlarındakı güllə izlərini göstərir, ancaq özü də başa düşmür ki, bu güllələr Birinci Qarabağ Müharibəsi vaxtında ermənilər tərəfindən azərbaycanlılara atılıb.
Daha sonra erməni övladı bu ərazilərin mənsubiyyətini araşdırmaq üçün avtostopla Gəncəsara gedib.
“Görürsünüz, burada nə qədər xaç var! Bütün Dağlıq Qarabağ xaçlanıb. Bu isə ərazinin ermənilərin olduğunu sübut edir. Azərbaycanlılar üçün sual: burada bu qədər xaç olmasına baxmayaraq, bu ərazilərin sizin olduğunu necə deyə bilərsiniz?”, - Maqa deyir.
CAVAB: Sırf tarixi faktlara əsaslanaraq... İndiki Azərbaycan ərazisi əsrlər boyu Qafqaz Albaniyasının nəzarəti altında olub.
Qədim Alban dövləti antik dövrlərdən mövcud olub. XIII əsrdən Alban kilsəsinin mərkəzi Qarabağda yerləşirdi. Bu səbəbdən Qarabağda Gəncəsar Alban kilsəsi tikilib. Bu kilsə 1836-cı ilədək alban-udinlərə xidmət göstərib. Ancaq 1836-cı ildə erməni kilsəsinin xahişi ilə Rusiya imperatorluğu Alban kilsəsinin ləğvi, bütün sənədlərinin və arxiv materiallarının Eçmiədzinə verilməsi ilə bağlı qərar qəbul edib.
Bununla da iyerarxiya pozuntusu baş verdi – Dağlıq Qarabağdakı bütün kilsələr erməni kilsəsi, bu bölgədə yaşayan xristianlar isə avtomatik olaraq erməni adlandırıldı. Alban kilsəsinin ləğv edilməsi alban etnik-mədəni irsinə qarşı təcavüzkar siyasətin başlanğıcı idi.
İndi aydındır ki, Qarabağ ərazisində xaçlar haradandır? Bir neçə faktı da əlavə edək: Gəncəsar XII əsrdə Həsən Cəlal tərəfindən Azərbaycanda müsəlman və xristian xalqının mədəniyyətinin sabitliyi və yenidənqurması dövründə tikilib.
Ancaq Gəncəsar kilsəsində ermənilər qədim alban məktublarında dəyişikliklər ediblər. Gəncəsarın daxilində yazı var idi, bilmirəm, həmin yazı qalıb, yoxsa yox:
“Mən Həsən Cəlal, Albaniyanın böyük knyazı, bu kilsəni öz alban xalqım üçün tikdirirəm”.
P.S. Vlaq Maqanın süjetinə baxan zaman doğma hisslərimiz oyanır. Ürəyimiz titrəyərək, Qarabağımızın dağlarına, təbiətinə baxırıq. Qarabağda hər bir yarpaq, hər bir daş bizi gözləyir.
Ə.Ş.
www.oxu.az