“Sakinlərin iddiaları doğrudur. Şirvan şəhərinin bəzi ərazilərindən tullantı suları birbaşa Kür çayına, yaxud oradakı digər axar sulara axıdılır”.
Bu fikirləri Oxu.Az-ın sorğusuna cavab olaraq, “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O qeyd edib ki, gələcək layihələrdə Şirvan şəhərinin kanalizasiya infrastrukturunun qurulması, eyni zamanda tullantı sularının təmizlənməsi üçün müvafiq qurğuların tikilməsi planlaşdırılır:
“Bu isə şəhərdə yaranan tullantı sularının hamısının toplanaraq, tam zərəsizləşdirilib, kənarlaşdırılmasına imkan verəcək”.
Kürün çirkləndirilən suyunun istifadə edilməsinə gəlincə, A.Cəbrayıllı bu barədə sakinlərin narahatlığına əsas olmadığını qeyd edib:
“Kür çayının suyu Hacıqabulda təmizlənir, oradan isə digər rayonlara istifadə üçün ötürülür. Yəni, Şirvan ərazisindən keçən çirkləndirilmiş sudan içməli su kimi istifadə edilmir”.
15:08
Kür çayının Şirvan şəhərindən keçən hissəsi çirkləndirilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı sakinlər sosial şəbəkələrdə görüntülər paylaşıblar. Kadrlardan aydın olur ki, Şirvan şəhərinin kanalizasiya tullantıları Kür çayına birbaşa axıdılır.
Sakinlərin bildirdiyinə görə, Kür çayının aşağı axınındakı rayonlar bu sudan istifadə edirlər. Onlar çayın təmizlənmədiyini qeyd edir, bununla bağlı tədbir görülməsini istəyirlər.
Sözügedən görüntüləri təqdim edirik:
“Azərsu” rəsmisi Kür çayının çirkləndirilməsi ilə bağlı: “Sakinlərin iddiaları doğrudur” - YENİLƏNİB + VİDEO
Rəylər