Paytaxtın Nərimanov və Nizami rayonlarında yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Nərimanov və Nizami Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib.
Tədbir zamanı Nərimanov rayonu A.Nemətulla, F.Yusifov və F.X.Xoyski küçələri, həmçinin, Nizami rayonu Q.Qarayev prospektində orta məktəblərin yaxınlığında yerləşən köşklərin də bir neçəsində yetkinlik yaşına çatmayan şəxslərə siqaret satıldığı müəyyən edilib.
Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri, paytaxt sakinləri – Cəmilə Şirəliyeva, Ramal Əsgərli, Cabbar Cabbarov, Bəhram Allahverdiyev və Qoşqar Hüseynov barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.
Qeyd edilən məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satışı dayandırmalı və müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Bu sənədi təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.