Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Badamdarda sakinlər toz-torpaqdan şikayətçidirlər: Araşdırmalara başlanıldı
"Badamdarda yaşayış massivinin qarşısında villalar tikilməsi səbəbindən yaranan toz-torpağın sakinlərin narahatlığına səbəb olması ilə bağlı monitorinq və araşdırma aparılacaq".
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.
O bildirib ki, sözügedən ərazidən müvafiq nümunələr götürüləcək:
"Sözügedən ünvanda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsi Monitorinq Qrupunun mütəxəssisləri tərəfindən monitorinq və araşdırma aparılacaq. Atmosfer havasından nümunələr götürüləcək. Atmosferə atılan toz normadan artıq olarsa qanunamüvafiq tədbir görüləcək".
Badamdarda yaşayış massivinin qarşısında villalar tikilməsi səbəbindən yaranan toz-torpaq sakinlərin narahatlığına səbəb olur.
Məsələ ilə bağlı Oxu.Az-a Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, qurum tərəfindən yalnız məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisinə icazə verilir.
"Əlavə olaraq qeyd edirik ki, sözügedən ünvana əməkdaşlarımız tərəfindən yerində baxış keçirilmiş və görülən işlərə dair iş icraçılarına xəbərdarlıq olunub", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, iş icraçılarına edilən xəbərdarlığın nədən ibarət olması ilə bağlı sualımıza cavab ala bilmədik.
"Badamdar qəsəbəsi, 1-ci massiv, Xurşidbanu Natəvan küçəsindəki yaşayış massivinin qarşısında villalar tikildiyi üçün toz-torpaq əlindən göz aça bilmirik".
Belə bir şikayəti Oxu.Az-a ərazidə yaşayan sakinlər ünvanlayıblar.
"Villaların özülünü qazıb torpağı qaya kimi yığıblar bir yerə. Badamdar da küləkli yer, azca külək qalxan kimi küçədə gəzmək olmur, bütün toz-torpaq adamın gözünə dolur. Üstəlik, bu istidə pəncərələri də açmaq olmur. Dəfələrlə yerli bələdiyyə və icra hakimiyyətinə müraciət etsək də, heç bir tədbir görülmür", - deyə şikayətdə qeyd olunur.
Oxucunun göndərdiyi fotolarda ev əşyalarının üzərini əl qalınlıqda toz basdığı görünür.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Hələ ki heç bir cavab verilməyib.
Əzizə İsmayılova
Rəylər