Bakıda 53 saylı məktəbdə müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddiası öz təsdiqini tapmayıb.
Məktəbin direktoru Firəngiz Həsənovanın Oxu.Az-a bildirdiyinə görə, yanvarın 8-i axşam saatlarında 53 saylı orta məktəbin birinci sinfində oxuyan Məmmədli Dəniz Şamil qızının müəlliməsi Zülfiyyə Hacıyeva tərəfindən təzyiqə məruz qaldığına dair xəbərlər yayılıb.
Yayılan xəbərlə bağlı bu gün BŞTİ-nin əməkdaşları və Bakı şəhəri BPİ Yasamal rayon Polis İdarəsinin əməkdaşları məktəbdə olublar.
Məsələ ilə əlaqədar, valideyn övladının dermotoloji problemi olduğu qeyd edib, bir neçə ay bundan öncə bu problemlə bağlı həkimə müraciət etdiyini bildirib. Eyni zamanda, valideyn xəbər yayılarkən işdə olduğunu qeyd edib.
Məlumatı Məmmədli Şəms Şamil qızı bacısının ibtidai sinif müəllimi Z.Hacıyeva tərəfindən təzyiqə məruz qaldığını zənn edərək məlumatı yoxlamadan şəxsi “Facebook” səhifəsində bölüşüb.
Bundan sonra məlumat xəbər və digər saytlarda yayılıb.
Məsələ ilə bağlı araşdırmalar davam edir.
17:11
Bakıda 53 saylı məktəbdə müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddiası öz təsdiqini tapmayıb.
Bu barədə Oxu.Az-a məktəbin direktoru Firəngiz Həsənova məlumat verib.
Məlumata görə, məktəbə dermatoloq həkim dəvət edilib. Təhsil İdarəsinin Daxili Nəzarət Sektorunun əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində valideynin iddia etdiyi kimi müəllimin azyaşlı məktəbli qıza qarşı vəhşilik etməsi faktı aşkarlanmayıb.
Həkim-dermatoloq məktəblinin saçlarının dəri xəstəliyi nəticəsində tökülməsi barədə rəy verib.
00:24
Sosial şəbəkədə Bakıda müəlimin az yaşlı məktəbli qıza qarşı etdiyi vəhşiliyin görüntüləri yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Facebook-da “Sancaq” səhifəsində yerləşdirilən məlumatda deyilir ki, Yasamal rayonu 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zulfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edib.
Belə ki, müəllimənin balaca qızın saçını dibindən yolduğu və döydüyü iddia olunub. Səbəb isə az birinci sinif şagirdinin yazını yaxşı yazmamağı olub.
Məsələ ilə əlaqədər Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov ANS PRESS-ə açıqlamasında bildirdi ki, hazırda baş verən hadisə ilə bağlı məlumatları yoxdur: “Bununla bağlı araşdırma aparılacaq”.
