İyunun 17-dən Bakı Metropolitenində qatarlar yay qrafikinə uyğun hərəkət etməyə başlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildiriblər ki, yay qrafikinə keçid sərnişin sıxlığının azalması ilə əlaqədardır. Belə ki, qış vaxtında metropolitendən təxminən 700 min sərnişin istifadə edirdisə, indi bu rəqəm 400-450 minə enib.
Məlumatda, həmçinin bildirilir ki, mövsümlə əlaqədar qatarlar arasında interval da artıb. Hazırda qatarlar sərnişinlərin sıxlığı nəzərə alınmaqla 4-6 dəqiqə intervalla hərəkət edir. Günün pik saatlarında isə hərəkət qrafiki qışda olduğu kimi qalır.