Musavat.com-a maraqlı video göndərilib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, videonu göndərən şəxs iddia edir ki, metroda əyləşdiyi zaman naməlum şəxs ona və rəfiqəsinə qarşı zorakılıq edib. O, bu haqda polisə müraciət etsə də, nəticəsi olmayıb.
Şikayətçi Günay İlyasovanın sözlərinə görə, mayın 25-də “Həzi Aslanov” metrostansiyasına gedən qatara minib. Qatarda olduğu zaman bir nəfər naməlum şəxs ona və yanında oturan rəfiqəsinə qarşı zorakılıq edib və təhqiramiz sözlər işlədib: “Mayın 25-də metroya minib evə gedirdim. Bir neçə stansiya sonra metroya bir nəfər orta yaşlı bir kişi mindi. Bizə yaxınlaşdı. Yüksək səslə, əmr edirmiş kimi dedi ki: “Durun ayağa. Mən oturacağam”. Mən də etiraz etdim. Rəfiqəm qorxduğu üçün ayağa qalxdı. Həmin adam onun yerində oturdu və elə şərait yaratdı ki, mən məcbur olub ayağa qalxdım”.
Şikayətçi xanımın dediklərinə görə, həmin şəxs qatarda nalayiq sözlərdən də istifadə edib: “Bir az sonra başladı mahnı oxumağa. Sonra da söyüş söyməyə başladı. Ətrafdakı insanlar da dayanıb baxırdılar. Heç kəs ona bir söz demirdi. Bir neçə stansiya sonra qatara bir nəfər polis əməkdaşı mindi. Sevindim ki, polis bu adamı tutub aparacaq. Həmin adam polisin gözünün qabağında qışqıra-qışqıra mahnı oxuyur və söyüş söyürdü. Amma polis heç bir söz demirdi. Dayana bilmədim. Özüm polisə yaxınlaşdım və dedim ki: “Görmürsünüz? Bu adam bayaqdan insanları narahat edir. Söyüş söyür, qızlara sataşır”. Polis də dedi ki: “Narahat olmayın, xanım. İndi həll edərəm”.
G.İlyasova onu bildirdi ki, o, polisə müraciət etsə də, heç bir nəticəsi olmayıb: “Polis həmin şəxsə yaxınlaşdı. Qolundan tutdu ki, bayıra çıxarsın. O isə polisə qışqırdı: “Əlini çək. Sən kimsən mənim qolumdan tutursan?” Polis əlini çəkdi. Gedib bir küncdə dayandı. Heyrətə gəldim ki, bu, necə polisdir? Məcbur olub öz cib telefonumla həmin şəxsi çəkdim ki, sübutum olsun. Heç olmasa mətbuata verərəm və bu adamın hərəkətlərini insanlar da görər. Polis də öz peşəsini yerinə yetirmədiyi üçün utanar bəlkə”.