Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı necə dünyada ilkə imza atdı? - 177 il əvvəl başlayan dəniz hekayəsi - REPORTAJ + FOTO
Nə az, nə çox, düz 177 il əvvəl Xəzər dünyada bir ilkə imza atan məkan oldu. Məhz dünyanın ən böyük gölündə tarixdə ilk dəfə sənaye üsulu ilə neft çıxarıldı.
Oxu.Az-ın əməkdaşları da bu tarixi məkana - “Bibiheybətneft” Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) ərazisinə səfər edərək dünyanın ilk neft quyusu və digər sahələrlə tanış olublar.
Əvvəlcə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin xidmət rəisinin müavini Rauf Vəliyev 177 il əvvəl başlayan bu şərəfli tarix barədə məlumat verdi.
Qısa arayış:
O vaxt Azərbaycanı Zaqafqaziya İdarəetmə şurası idarə edirdi. 1844-cü ildə bu şuranın üzvü mühəndis Vasiliy Nikolayeviç Semyonov neft istehsalının vəziyyəti ilə tanış olmaq üçün Bakıya göndərilir. O, burada neft quyularının qazılması üsulları ilə tanış olduqdan sonra azərbaycanlı mütəxəssislər və ustalarla görüşüb məsləhətləşir.
Mühəndis 1844-cü il dekabrın 22-də Rusiyanın Zaqafqaziya vilayətinin rəhbərliyinə, daha dəqiq desək general Aleksandr İvanoviç Neydqartın adına məktub yazır və neft quyularının mexanikləşdirmə üsulu ilə qazılmasını təklif edir.
İki neft kəhrizi, dünyada ilk quyu
1846-cı ildə Maliyyə Nazirliyi bu faydalı iş üçün 1000 rubl ayırır və işə başlanılır. 1846-ci ilin iyulun 14-də knyaz Mixail Semyonoviç Vorontsov Rusiya hökumətinə quyunun qazılıb başa çatması və ondan yaxşı neft alınması barədə məlumat verir (dərinliyi 21 metr olub gündəlik 20-30 ton neft alınıb). Bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.
R.Vəliyev deyir ki, XVI əsrdə Xəzər dənizinin zolağında iki neft kəhrizi qazılıb:
“Onlar XVIII əsrin əvvəllərində dəniz sahilindən 19 metr məsafədə hələ də mövcud idi. Lakin sonralar dənizin qalxması nəticəsində kəhrizlər suyun altında qalıb. 1847-ci il 8-14 iyul tarixlərində Qafqaz canişini knyaz M.Vorontsovun imzaladığı hesabatlarda da dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı təsdiq olunur. 1873-cü ildə yatağın quru sahəsinin, 1938-ci ildə isə dəniz sahəsinin işlənməsinə start verilib.
Neft verimi o qədər artıb ki...
Bibiheybətdə ilk quyu qazılandan sonra başqalarının da qazılmasına başlanıb. Neft verimi o qədər artıb ki, 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxıb, hətta dünya üzrə neft hasilatının yarısı ölkəmizin payına düşüb.
1910-cu ildə Bakı neft sənayeçiləri torpaq qazma işlərində savadlı polşalı mühəndis olan Pavel Pototskini Bibiheybət buxtasının doldurulması işlərinə rəhbərlik etməyə dəvət ediblər.
O vaxta qədər isə dünyanın heç bir yerində sulu ərazinin torpaqla doldurulması işləri aparılmayıb.
P.Pototskinin təklifi ilə 1910-cu ildə Sormovo zavoduna bir karvan yerqazma maşınlarının hazırlanması sifariş olunur. 1916-cı ildə hazır olan karvan 1100 at gücünə malik iki torpaqsoran maşından, 1100 at gücünə malik beş yedək gəmisindən, 1100 kubmetr həcmində 10 barjdan və digər obyektlərdən ibarət idi. 1918-ci ildə ərazinin yalnız 193 hektarı torpaqla doldurulur. 1922-ci ilin sonlarında torpaqla örtülmüş sahədə 5 saylı ilk qazma quyusu quraşdırılır.
Niyə polşalı mühəndis Bibiheybətdə dəfn edildi?
Xidmət rəisinin müavininin sözlərinə görə, 1923-cü ilin aprel ayının 22-də torpaqla doldurulmuş sahədə qazılmış 5 saylı quyu 82,5 metr dərinlikdən gündəlik 20 ton neft verməklə işə salınır:
“Bu yeni torpaqla doldurulmuş sahədən qazılmış quyudan ilk neft fontanı bütün dünyanı heyrətə gətirir, beynəlxalq neft konfranslarında böyük marağa səbəb olur. Ümumilikdə isə Bibiheybət körfəzinin tam örtülmüş sahəsi 1910-cu ildən başlayaraq, yəni 20 il ərzində 300 hektara çatdırılır”.
P.Pototski 1932-ci ildə vəfat edən zaman vəsiyyətinə uyğun olaraq Xəzərdən “zəbt olunmuş” Bibiheybətin torpaqla doldurulmuş sahəsində, dəniz kənarında dəfn edilir. Onun adına ilk abidə görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin göstərişi ilə qoyulub.
Ceyms Bond və “Bir dünya azdır”
Elə 1999-cu ildə Ceyms Bond filmlərindən birinin müəyyən hissəsi Azərbaycanda, məhz Bibiheybət buxtasında çəkilib. “Bir dünya azdır” (“The world is not enough”) adlı 19-cu bölümdə həmin dövrdə çox aktual olan Bakı‐Tbilisi‐Ceyhan kəmərinin çəkilməsi, Xəzər neftinin Qərbə çatdırılması mövzusuna toxunulurdu.
Quyunun “tarixi abidə” statusu
İlk neft quyusunun “tarixi abidə” statusu alması və SOCAR tərəfindən yenidən bərpa edilməsi isə 2017-ci ilin 26 aprel tarixinə təsadüf edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixdə quyunun sonrakı vəziyyəti ilə tanış olub və onu turistlərin ziyarəti üçün açıq elan edib.
Yataqda neçə quyu fəaliyyətdədir?
R.Vəliyev vurğulayıb ki, hələ XIX əsrin əvvəllərindən istismar olunan “Bibiheybət” neft yatağı bu gün də ölkəmizin unikal yataqlarından biridir:
“2024-cü il tarixinə yataqda 547 quyu fəaliyyətdədir. NQÇİ tərəfindən yataqda 2006-cı ildən etibarən ekoloji layihələr həyata keçirilməkdədir. 2006-2020-ci illər ərzində İdarədə sovetlər dönəmindən qalmış neftlə çirklənmiş ərazilərdə daxili imkanlar hesabına və podratçı təşkilatlar cəlb edilməklə 320 hektar mədən ərazisində rekultivasiya və torpaqların bərpası işləri həyata keçirilib.
Hər il yaz-payız aylarında keçirilmiş ənənəvi iməciliklər zamanı bərpa edilmiş mədən ərazilərdə, eləcə də sahələrin, inzibati binaların ətrafında müxtəlif növ ağac, gül kolları əkilib, həmçinin mütəmadi olaraq yaşıllaşdırma sahələrində ağaclara aqrotexniki qulluq göstərilir”.
1900-cü il və işləyən quyu...
O bildirib ki, yataqda ən qədim və hazırda fəaliyyət göstərən quyu da var:
“2137 nömrəli quyu 1900-cü ildən işləyir. Son horizontu 1987-ci ildən istismar olunur. Quyunun 124 yaşı olsa da, hələ də istismar olunmamış üç məhsuldar horizontu var. Yataqda dörd neft-qaz mədən sahəmiz və başqa köməkçi sahələr fəaliyyət göstərir.
Gündəlik neft hasilatı 380 tondur. Eyni zamanda, gündəlik 3500 kubmetr su, 45 min kubmetr qaz hasil olunur”.
Neftdən nümunə, quyu dibindən ölçmə
NQÇİ-nin ərazisində fəaliyyət göstərən neft laboratoriyası da var.
Kimyaçı mühəndis Elza Əliyeva deyir ki, quyulardan lay suları, neft nümunələri və əmtəə nefti gətirilir və tərkibi təyin edilir:
“Bizim neftimizin tərkibi təmiz olur. Bir-iki saat ərzində nəticələr bilinir. Nümunələri analiz edən zaman otağın temperaturu 20 dərəcə olmalıdır. Əmtəə neftinin beş parametrini təyin edirik".
Burada neftdən ayrılan lay suyunun da təyini aparılır ki, bununla da su nümunəsinin hansı horizonta aid olması müəyyənləşdirilir.
Usta Elmira Xəlilova quyularda ölçü tədqiqat işləri aparır.
O bildirir ki, quyuda ölçü tədqiqat işləri olaraq quyu dibi, səviyyə, lay-təzyiqi və temperaturu ölçülür:
“Bizim yataqda bu proseslər xüsusi tədqiqat maşını vasitəsilə aparılır, quyu dibini ölçən aparat vasitəsilə avadanlığı quyuya buraxırıq və dibə çatanda quyunun dərinliyini öyrənirik. Ölçüləri götürmək 1-2 saat vaxt çərçivəsində aparılır”.
Qeyd edək ki, Bibiheybət ərazisində 2017-ci il mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qafqaz regionunun ən böyük kampusu olan Bakı Ali Neft Məktəbinin (BANM) yeni kampusunun açılışı olub.
Beləcə, dünyada ilklərə imza atan neft qoxulu bölgədəki işimizi bitirib redaksiyanın yolunu tuturuq.
Əminik ki, “Bibiheybətneft” NQÇİ-nin 177 il əvvəl başlayan qara qızıl nağılı hələ uzun illər dastanlaşacaq, gələcək nəsillərə bu torpaqların inkişafına təkan verən məkan kimi ötürüləcək.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
"Azneft" teqi üzrə xəbərlər
- Dənizkənarı Bulvar ərazisində salınan velosiped zolağı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- “Kişi paltarı geyinib, kaska qoyuram” - 8 Martda 25 ilin neftçi xanımı ilə MÜSAHİBƏ + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
Rəylər