Abşeron rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin detalları məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə yanvarın 12-də, saat 22:20-də Bakı-Quba yolunun 17-ci kilometrliyində qeydə alınıb.
"Ehtiram Rəhim oğlu Həsənovun idarə etdiyi "Opel" markalı, 90-ME-961 dövlət nömrə nişanlı avtomobillə Vüqar İlqar oğlu Qasımovun idarə etdiyi KIA markalı, 99-BY-992 dövlət nömrə nişanlı və Rəşid Valeh oğlu Nəsirovun idarə etdiyi BYD markalı, 77-QB-519 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Hadisə nəticəsində KIA markalı avtomobilin sürücüsü V.Qasımov və sərnişini Mehparə Nurəddin qızı Quliyeva yüngül dərəcəli xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olmayıb.
"Hadisə yerinə özəl təcili tibbi yardım avtomobili cəlb olunub", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova