Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakıda şadlıq evləri və restoranlarda növbəti monitorinqlər keçirib.
Oxu.Az-ın məlumatına görə, monitorinqlər Xətai rayonunda yerləşən restoranlarda aparılıb.
Şadlıq saraylarının ətrafa yaydığı tüstü vasitəsilə ətraf mühitə vurduqları ziyan ölçülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, nazirlik tərəfindən ictimai iaşə obyektlərində atmosferə atılan tullantılarla bağlı monitorinqlər davam etdirilir:
“Növbəti monitorinq Xətai rayonunda yerləşən yeddi şadlıq sarayında aparıldı. Amosferə atılan zəhərli qazın miqdarı götürülən analizlərdən sonra müəyyənləşəcək. Baş çəkdiyimiz restoranlarda atılan tullantıları gözlə müşahidə etmək mümkündür. Bütün bunları nəzərə alaraq, Xətai rayonu ərazisində yerləşən 50-dən çox iaşə obyektlərində mütəmadi olaraq monitorinqlər aparılacaq və analizlər götürüləcək”.

Departamentin direktoru cərimələr barədə də danışıb:
“İnzibati Xətalar Məcəlləsinin 233.1-ci (Ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə) maddəsinə əsasən, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir”.
Ramal Bağırov qeyd edib ki, şəhərin bəzi restoranlarında monitorinqlərə başlayan zaman müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılmasına başlanılıb:
“Şəhərdən ətraf ərazilərdə yerləşən şadlıq evlərinin sahibləri bu işlərə laqeyd yanaşır. Monitorinqlər davam etdiriləcək. Şadlıq evlərinin monitorinqi bitdikdən sonra kafelərdə də monitorinqlər aparılacaq.

Monitorinq zamanı restoran sahibləri bildirib ki, təmizləyici qurğuların quraşdırılması barədə müqavilə bağlanacaq. Artıq xəbərdarlıq edilib. Yaxın günlərdə qurğuların quraşdırılmasına başlanacaq”.
Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Altay Əliyev bildirib ki, nazirlikdən BŞİH-ə məktub daxil olub:
“Həmin məktuba uyğun olaraq, şadlıq saraylarına müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq edilib”.

Bildirilib ki, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evlərinə qarşı monitorinqlər davam etdiriləcək.
İlhamə Əbülfət
www.oxu.az