Əlil və kimsəsiz uşaqlara qayğı göstərən “Birliyə doğru” İctimai Birliyi bu istiqamətdə yeni layihələr həyata keçirməkdə davam edir.
Oxu.Az xəbər verir ki, bir müddət əvvəl birlik əsas məqsədi cəmiyyətin diqqətini valideyn himayəsindən məhrum olan kimsəsiz uşaqların problemlərinə yönəltmək olan “Özgə uşaq olmur” adlı silsilə tədbirlərə start verib.
“Özgə uşaq olmur” layihəsi çərçivəsində avqustun 10-da Bakıda Fəvvarələr meydanında kütləvi oyuncaq düzəldilməsi aksiyası baş tutub. 50-dən artıq gənc bu aksiyada yumşaq oyuncaqlar – günəşlər hazırlayıblar. Gənclər öncədən hazırlanmış nümunələr üzərində işləyərək, onları rəngli saplarla tikəcək, rəngli düymələrdən istifadə edərək bəzəyəcəklər.
2 saat davam edən tədbir zamanı istənilən şəxs əlil və kimsəsiz uşaqlar üçün istənilən məbləğdə pul verə və üzərində təbəssüm əks olunmuş həmin oyuncaq günəşləri ala bilərdi. Gün ərzində uşaqlar 460 manat pul toplaya bilmişdilər.
Qeyd edək ki, tədbirlərdən yığılan vəsait hesabına kimsəsiz və əlil uşaqlara yay sevinci bəxş etmək üçün yay düşərgəsi təşkil etməkdir.
Bu tədbirin əsas məqsədi gənclər arasında sosial aktivliyi artırmaq, cəmiyyətdə sosial məsuliyyət anlayışını genişləndirmək və ən əsası valideyn himayəsindən məhrum olan, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində gənclərin rolunun əhəmiyyətini göstərmək məqsədi daşıyır. 



















