Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında, eləcə də Ağsu aşırımlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan təmizlənir, qum və duz səpilir.
Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.




Ötən gündən etibarən Qobustan, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında qar müşahidə olunur. Fasilələrlə yağan qar səhər saatlarından etibarən daha da intensivləşib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, güclü qar səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yoluna canlı qüvvə və xüsusi texnika cəlb olunub. Hazırda ciddi problem qeydə alınmasa da, yolların buz bağlama ehtimalı var.
Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində, sərt enişli-yoxuşlu və dolaylı ərazilərdə, həmçinin İsmayıllı-Lahıc və Muğanlı-İsmayıllı avtomobil yollarında buzlaşma müşahidə edilir.
Sürücülərə ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və zərurət olmadıqda yaxın iki gün ərzində uzaq səfərləri təxirə salmaları tövsiyə olunur.