Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsi, 52C ünvanında ağac kəsilməsi ilə bağlı daxil olmuş şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmətin rəisi Qafar Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, araşdırma zamanı qeyd olunan ərazidə bir ədəd qovaq ağacının kəsildiyi müəyyən edilib.
"Təqsirkar şəxsin müəyyənləşdirilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Səbail Rayon Polis İdarəsinə müraciət olunub. Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi və onların mühafizəsinin təmin edilməsi üçün isə Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilib.
Kəsilmiş ağacın əvəzinə ərazidə sərv ağacı əkilib. Yeni əkilən ağac qeydiyyata alınıb və üzərinə identifikasiya etiketi vurulub", - deyə Q.Ağayev bildirib.
İdarə rəisinin sözlərinə görə, ərazidə mövcud olan digər yaşıllıqlar da yaxın günlərdə mərhələli şəkildə qeydiyyata alınacaq və identifikasiya etiketi ilə təmin olunacaq.



Əzizə İsmayılova
Bakının Bayıl qəsəbəsində ağac kəsilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Vətəndaş iddia edib ki, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi, 52C ünvanında iki gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən hündürlüyü 10 metrə qədər olan ağac kəsilərək yoxa çıxarılıb.
O da qeyd olunub ki, ağacın yerinin itirilməsi üçün ərazi yaxşıca təmizlənib.
Məsələ ilə əlaqədar aidiyyəti quruma sorğu ünvanlanıb.
Ərazidən görüntüləri təqdim edirik: