Respublika Klinik Xəstəxanasında 8 aylıq hamilə qadın dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına görə, xəstəxananın reanimasiya şöbəsinin məsul həkimi Vidadi Həsənovun APA-ya açıqlamasında dediyinə görə, 30 yaşlı Xəyalə Həsənova iyulun 29-da Göyçay rayonundan huşsuz vəziyyətdə xəstəxanaya gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib. Onun sözlərinə görə, qadın xəstəxanaya gətirilməzdən öncə Göyçayda qıcolması olub və huşunu itirib:
“Xəyalə Həsənova bizə gətirilərkən koma vəziyyətində idi. Yoxlama nəticəsində qadının beyin-qan dövranının pozulduğu, beynində qansızma yarandığı məlum oldu. Beyinə qansızma olduqda ödem əmələ gəlir, ürək-damar mərkəzini sıxır və sıradan çıxarır. Xəstədə damar patologiyasının olduğu məlum olub. Çünki damarların patologiyası olduqda və təzyiq qalxanda o partlaya bilir. Mütəxəssislər xəstəyə bütün lazımı yardımları göstərdilər. Lakin bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Xəyalə Həsənova 1 sutka bizdə qaldıqdan sonra iyulun 30-da rəhmətə gedib”.
Həkim qeyd edib ki, bu, 30 yaşlı Xəyalə Həsənovanın 3-cü hamiləliyi olub.