Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Nicat Babazadənin idarə etdiyi “Opel” markalı, 99 EP 188 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan Rəşad Babayevin idarə etdiyi “Mitsubishi Pajero” markalı, 50 CJ 609 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə N.Babazadə aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Polisdən bildirilib ki, qəzada dünyasını dəyişən N.Babazadə Daxili Qoşunların giziri olub.
Faktla bağlı araşdırma aparılır.
12:09
Bakıda ağır yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi “VAZ-2107” markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub.
Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı “KamAZ” markalı yük maşınına çırpıb.
Nəticədə sürücü S.Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
“VAZ-2107”də olan iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
3 Saylı Şəhər Klinik Xəstəxanasından Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsində gecə saatlarında baş vermiş ağır qəzada yaralanan Məmmədov Musa Tahir oğlu və Əsgərov Mircəfər Seyidaslan oğlu xəstəxanada keçinib. Hər iki şəxs “KamAZ”a çırpılan “VAZ 2107”-nin sərnişini olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.