17:20
Bakıda baş verən yanğında ziyan dəyən avtomobillərin hamısı istismara yararsız olub.
Bu barədə APA-ya eksklüziv açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov bildirib.
N.Səfərov qeyd edib ki, yanğın cərimə meydançasında baş verməyib:
“Yanğın cərimə dayanacağından kənarda, istismara yararsız avtomobillərin saxlanıldığı ərazidə baş verib. Həmin maşınların saxlanıldığı ərazinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə aidiyyəti yoxdur, yanan maşınların heç biri də saz vəziyyətdə olmayıb. Həmin maşınlar 20 ilə yaxındır ordadır və istismara yararlı deyil. Mühafizə olunan dayanacaqdakı avtomobillərə isə ziyan dəyməyib”.
N.Səfərov hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş vermə səbəblərinin araşdırıldığını qeyd edib.
Qeyd edək ki, bu gün Nizami rayonunda yerləşən cərimə meydançasında yanğın baş verib. Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. Yanğın nəticəsində 1000 kvadratmetr ərazidə quru ot, 40-a yaxın avtomobil yanıb. Yanğının söndürülməsi üçün əraziyə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb.
www.apa.az
15:44
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Nizami rayonunda yerləşən cərimə meydançasında baş verən yanğın nəticəsində 1000 kvadratmetr ərazidə quru ot, 40-a yaxın avtomobil yanıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.
Yanan avtomobillərin bəziləri qəza uğramış, digərləri isə saz vəziyyətdə olub.
Yanğının söndürülməsi üçün əraziyə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Hadisə barədə FHN də məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında müxtəlif markalı bir neçə avtomobil yanıb.
Ərazidə olan qalan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının başvermə səbəbləri araşdırılır.
Əlavə məlumat veriləcək.
www.apa.az
15:22
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) cərimə meydançasında yanğın baş verib.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə BŞDYPİ-nin Nizami rayonunda yerləşən cərimə meydançasında qeydə alınıb.
Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. İlkin məlumata görə, 30-dan çox avtomobil yanaraq yararsız hala düşüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerində xeyli sayda yanğınsöndürən maşın cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.apa.az
15:18
Bakıda Nizami rayonunun ərazisində yerləşən cərimə dayanacağının ərazisində yanğın baş verib.
Hadisə şahidlərinin Azərbaycan Xəbərlərinə verdiyi məlumata görə, güclü külək yanğının yayılmasına gətirib və fotoşəkildən də göründüyü kimi, yanğın nəticəsində onlarla maşın yanıb.
Xəbər yenilənəcək
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin