Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Bakının Binəqədi rayonunda - “Azadlıq prospekti” metrostansiyasının yaxınlığındakı partlayışla bağlı yeni məlumat yayıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumatda bildirilir ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılıb, beton tavan çöküb və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Əməliyyat saat 12:24-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
12:00
Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş partlayışla bağlı rəsmi məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə partlayış hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış nəticəsində 3 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Əlavə məlumat veriləcək.