Bu gün Bakı Metropoliteninin “Azadlıq prospekti” metrostansiyası yaxınlığında - Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yarımçıq tikilidə baş verən partlayış zamanı yaralanan şəxslərin adları açıqlanıb.
Bakı İstanbul Tibb Mərkəzindən APA-ya verilən məlumata görə, 1961-ci il təvəllüdlü Səadət Ağayeva sağ baldırın travması ilə Bakı İstanbul Tibb Mərkəzinə yerləşdirilib:
“Xəstə hazırda xəstəxanadadır. 1961-ci il təvəllüdlü Afiyət İbadova isə yanıq xəsarətləri olduğu üçün birinci dərəcəli yanıq (üz yanığı), sol təpə gicgahının kəllə-beyin travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilən 24 yaşlı Tərlan Kazımov isə sağ budunun yumşaq toxumasının əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə rentgen olunub və evə göndərilib.
Qeyd edək ki, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında yarımtikilidə baş vermiş partlayışla əlaqədar ətraf ərazilərə təbii qazın verilişi dayandırılıb.
Qafqazinfo xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz təchizatının dayandırılması ərazidə aparılan təmir-bərpa işləri ilə əlaqədardır və gün ərzində işlər yekunlaşdıqdan sonra məhdudiyyətlər aradan qaldırılacaq.
Fövqəladə Hallar Nazirliyi hadisənin dəqiq başvermə səbəblərini araşdırır. (Trend)
11:12
Partlayış metronun yaxınlığındakı yarımçıq tikilidə baş verib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən bildirilib ki, hadisə yerinə yanğınsöndürənlər gediblər.
Partlayışın dəqiq təfərrüatları məlum deyil.
Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayışın təsirindən yaxınlıqdan keçən maşınlara və avtobuslara ziyan dəyib, yaralananların olduğu da bildirilir. Hadisə yerinə təcili yardım maşınları gəlib.
Binəqədi Polis İdarəsindən bildirildi ki, hadisə nəticəsində iki nəfərin xəsarət aldığı məlumdur. Partlayışın yarımçıq tikilmiş kafedə qaz sızmasından baş verdiyi deyilir.
Partlayışın gücü o qədər olub ki, hətta zəlzələ olduğunu düşünənlər olub. Bu isə bəzi insanların evlərini və iş yerlərini tərk edərək küçəyə qaçmasına səbəb olub.
Lent.az-a verilən məlumata görə, hadisə “Azadlıq prospekti” metrostansiyası yaxınlığındakı yarımçıq tikilidə baş verib:
İlkin məlumata görə, 4 mərtəbəli yarımçıq tikilinin zirzəmisində qaz sızması baş verib. Hadisə nəticəsində yaxınlıqdan keçən 3 nəfərə ziyan dəyib. İki qadın və bir kişi xəstəxanaya aparılıb.
Hazırda hadisə yerində 3 təcili yardım briqadası qalıb. Qalan briqadalar geri çağırılıb.
Hadisə nəticəsində yaralanan qadınlardan biri kəllə-beyin travması alıb, digərinin isə bud sümüyü sınıb.
10:50
Azadlıq metrostansiyasının yaxınlığında partlayış olub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, partlayış o qədər güclü olub ki, 7 və 8-ci mikraroyonlarda yerləşən binalar da silkələnib.
Partlayış Şahənşah restoranının qarşısındakı yeni tikilidə olub.
Həmin ərazidə yaşayan sakinlərin məlumatına görə, ətrafda olan 9 mərtəbəli binaların hamısında partlayışın gücü hiss olunub.
Lent.Az-ın məlumatına görə, partlayış metronun “Azadlıq prospekti” stansiyasında baş verib.
Xəbər yenilənəcək.
Foto: Alterace FN
www.oxu.az