Bakıda başqa sürücülərin səhvi ucbatından baş verən iki yol qəzasının görüntüləri Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” xidmətinin kameralarında qeydə alınıb.
Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, hər iki qəzaya başqa sürücülər səbəb olub.
Lakin onlar qəzadan sonra sakitcə aradan çıxıblar. Birinci qəza aeroport yolunda baş verib. Videodan da göründüyü kimi, “Hyundai” markalı avtomobilin sürücüsü qəflətən sükanı sağa çəkir.
Bu zaman onun yanı ilə hərəkət edən «İnfiniti»nin sürücüsü də sükanı qaçırdır və idarəetməni itirir.
Yanındakı maşını vuran “İnfiniti” yol kənarındakı avtobus dayanacağına girir. Hər iki maşın dayanacaqda dayanmış başqa bir avtomobili də vurub əzir.
Qəzaya səbəb olan “Hyundai”ın sürücüsü isə heç olmayıbmış kimi hadisə yerini tərk edir.
Digər yol qəzasında da səbəbkar “Hyundai”ın sürücüsüdür. Göründüyü kimi, o, 7-ci zolaqdan birinci zolağa manevr edir.
Bu zaman təhlükəsizlik qaydalarına əməl etmir və digər nəqliyyat vasitələrinin yoluna çıxır. “Hyundai”la toqquşmamaq üçün sukanı sağa qaçıran qara rəngli avtomobilin sürücüsü digər avtomobilə toqquşaraq yol kənarındakı maneəyə çırpılır.
Onların qəzaya düşməsinə səbəb olan “Hyundai” isə sakitcə aradan çıxır.
www.oxu.az