Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.
17:30
Daxili İşlər Nazirliyi Bakıda avtomobillərin yanması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğın Dövlət Yol Polisinə məxsus cərimə meydançasında qeydə alınmayıb.
“Bura yol qəzalarında yararsız hala düşən, istismar müddəti bitmiş avtomobillərin yığıldığı bir ərazidir. Yaxınlıqda Dövlət Yol Polisə məxsus qorunan cərimə meydançası yerləşir. Lakin bu o demək deyil ki, yanğın cərimə meydançasının ərazisində qeydə alınıb.
Baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb”, - deyə mətbuat xidmətindən bildirilib.
15:47
Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.
Yanğın zamanı xəsarət alan olmayıb.
15:09
Bakıda yanğın başlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda paytaxtın Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.
Yanan maşınlar arasında “BMW”, “Niva” və “VAZ 2106-07” də var.