Bakıda bu gecə yaşayış binasının 5-ci mərtəbəsindən yıxılan 78 yaşlı qadın xilas edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, paytaxtın Suraxanı rayonunda 1 nəfər yaşayış binasının eyvanından yıxılıb və köməyə ehtiyac yaranıb.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1935-ci il təvəllüdlü Ağayeva Mənsurə Mirzağa qızı beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq 4-cü mərtəbədə yerləşən eyvanın damına düşüb və köməksiz vəziyyətdə qalıb.
Müxtəlif bədən xəsarətləri alan zərərçəkmişi yaxınları götürə bilmədikləri üçün “112” qaynar telefon xəttinə müraciət ediblər. Nazirliyin xilasediciləri binanın 4-cü mərtəbəsinin eyvanına qalxaraq vətəndaşın xilas edilməsini təmin edib və aidiyyəti üzrə təhvil veriblər.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Zamil Gülməmmədovun verdiyi məlumata görə, 78 yaşlı Mənsurə Ağayeva intihara cəhd edib.
O, özünü yaşayış binasının beşinci mərtəbəsinin eyvanından atsa da, dördüncü mərtəbənin eyvanının damı qadını ölümdən xilas edib.