Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda daha bir restoranda nöqsanlar aşkarlandı
Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rza Rasim oğlu Hacıyevə məxsus "Otdıx" restoranında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı iaşə müəssisəsinin mətbəx hissəsində havalandırma sisteminin mövcud olmadığı, sanitar-gigiyenik tələblərin pozulduğu, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, həmçinin istehlaka təqdim edilən heyvan mənşəli məhsulların (quş əti və balıqlar) müvafiq icazə sənədlərinin olmadığı, çalışan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədiyi müəyyən edilib.
Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, ötən gün AQTA Nizami rayonunda yerləşən "Sərin" və "Xarı Bülbül" restoranlarında mənşəyi məlum olmayan ətdən yemək hazırlanması ilə bağlı məlumat yaymışdı.