Ötən sutka ərzində (dünən səhər 09:00-dan bugün saat 09:00-dək) yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 14 nəfər müraciət edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib ki, müraciət edənlərdən 10 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 3-nə ilkin tibbi yardım göstərilib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 10 nəfərdən 7-si yuxarı və aşağı ətrafların zədələnməsi, 3 nəfəri isə qapalı kəllə-beyin travması alıb.
Onlardan 2-si qadın, 1-i isə kişidir:
“Ümumilikdə isə ölkə ərazisində havaların qeyri-sabit keçdiyi gündən bu günə kimi 50-dən çox insan yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı təcili yardım stansiyasına müraciət edib”.
Z.Vahidova qeyd edib ki, küçədə yaşayan kimsəsiz şəxslərin donvurması ilə bağlı 3 nəfər xəstəxanaya yerləşdirilib:
“Onların birinə ümumi soyuqlama, digərinə aşağı ətrafların donması diaqnozu qoyulub. 3-cü şəxs isə sərxoş halda olub. Müraciət edənlərin hər biri xəstəxanaya yerləşdirilib və lazımi köməklik göstərilib”.