Bakı dayələri başlarına gələn ilginc hekayələrdən danışır.
“Ayda cəmi 400 manat verir, üstəlik, evin də işlərini gördürür. Ana nazirlikdə şöbə müdiridir, ərinin də daş sexi var. Pula pul demirlər e. Amma gəl gör ki, axşam başlarını “xolodilnik”ə soxub, haqq-hesab aparırlar ki, pendir neçə qram azalıb, ətdən nə qədər yeyilib. Dayə yetimin də dayə işi var da, ay qızım. Mən bunlara qulluqçuluq edirəm e, oğlumun ölmüşünə...”
Mehparə Ələsgərovanın 54 yaşı var. 5 ildir dayəlik edir. Danışdığına görə, əri öləndən sonra işləmək məcburiyyətində qalıb. Amma savadı olmadığı üçün iş tapmaq çətin olub: “Biri dedi ki, gəl, kafedə xadimə işlə. O biri qonşu təklif elədi ki, həftədə 3 dəfə evimi təmizlə, filan qədər verim. Ürəyim götürmədi, ömür billah ərimdən, oğlanlarımdan başqasının paltarını yumamışam, evini təmizləməmişəm. Axırda bacım qızı bu işi tapdı mənə. Dedi, təmiz ailədilər, səni incitməyəcəklər. 3 ildir bu ailənin evindəyəm. Həm razıyam, həm narazı...”
Son illər paytaxtda iş qadınlarının sayı artdıqca uşaqlara nəzarət məsələsi də qəlizləşir. Bağçalara güvənməyən valideynlər daha çox dayə variantına üstünlük verirlər. Amma bu məsələdə də fəsadlar yaranır. Belə ki, etibarlı dayə tapmaq, ona güvənmək olduqca çətinləşib. Kriminal xronika zaman-zaman dayələrin dələduzluğu, adam oğurluğu xəbərləri ilə çalxalanır. Bəs bu halda “dayə sektoru” necə dolanır, inkişaf edir, yaşayır?
Yazının girişindəki dayə müsahibimiz danışır ki, çalışdığı ailədə bir az istismarçılıq ruhu var. Belə ki, əvvəl onlarla evin 2 qızına qulluq edəcəyi ilə bağlı anlaşıb. Amma aradan bir ay keçəndən sonra “utancaq sifarişlər” gəlməyə başlayıb: “Evin xanımı başladı ki, Mimi – mənə belə deyirlər – günorta uşaqlarçün sulu yemək bişir, mən çatdırmadım. Sonra dedi, paltarları paltaryuyana at, sonra onları ütülə. Get-gedə evin işlərini də atdı mənim boynuma. İndi də deyir ki, yoldaşım ancaq sən ütülədiyin köynəkləri xoşlayır. Boynuma qoyur hər şeyi... Amma verdikləri pul ayda cəmi 400 manatdır. 2 uşaq, özü də nə uşaqlar görəsiniz... Ərköyün, kök, tənbəl... Onların corablarını da mən əyilib geyindirirəm. Rəqsə, üzgüçülüyə aparıram, dərsdən götürürəm. Evdə yedirib içirirəm, axşam 7-də də bunlar gəlib çıxır”.
Mehparə xanımın sözlərinə görə, dayə saxlayan ailələr çox vaxt onlara qul kimi yanaşır. Məsələn, tətilə gedəndə də özləri ilə aparırlar, qonaqlığa gedəndə də: “Yayda məni də özləri ilə Antalyaya apardılar, pulumu verdilər. Amma mən orda tətil üzü görmədim ki. Qulluqçu kimi. “Mimi, baseynin yanında dur, Mimi, yedizdir, Mimi, uşaqları qurut...” Bütün günüm belə keçdi. Qonaq gedəndə də eyni şey. O dəfə evin kişisi mənə acıqlanır ki, bəs bu uşaqları niyə belə kökəltmisən? Başa sala bilmirəm ki, uşaqların yeyəndir, onların əlindən yemək almaq olar? Özləri də ər-arvad kökdülər, uşaqları da onlara çəkib”.
54 yaşlı dayəni ən çox incidən məqam isə ərköyün varlı balalarının ona münasibətidir: “Uşaqlar o qədər ərköyündülər ki, elə bilirlər yanlarında çalışan adama hər şey deyə bilərlər. Ailənin bir sürücüsü var – Rəhman qardaş. Dul kişidir, arvadı 3 il qabaq ölüb. O gün balaca deyir ki, Mimi, sən Rəhmanla evlənsən, yaxşı olar. Bu, uşaq söhbəti deyil axı. Ata-anası da qulaq asır uşağa, amma ağzından vurmur ki, a bala, özündən böyüyə belə söz demə. Əksinə, baxıram, xoşlarına gəlir, gülürlər, əylənirlər... Evin dayəsi olmaq qulluqçusu olmaq deyil axı...”
28 yaşlı Tatyana isə iki ildir ki, dayəlik edir. Dediyinə görə, çox da imkanlı olmayan ailənin tək uşağına baxır. Durumundan və aldığı 300 manatdan narazılıq etmir: “Mənim istədiyim odur ki, kənar adamların arasında işləməyim. Yəni bir evə girib-çıxım, gün ərzində də bir uşağa baxım. Uşağın yeməyi, gəzintisi və rəqsə aparıb-gətirilməsi mənim öhdəmə düşüb. 5 yaşı var uşağın. Yemək bişirmək işinə mən baxmıram. Anası axşamdan bişirib soyuducuya qoyur, mən günorta isidib yedirdirəm. Narazı olduğum yeganə şey isə evin xanımının pinti olmasıdır. Ev-eşik elə pis vəziyyətdə olur ki, mən məcburən uşaqla yanaşı, yır-yığışla da məşğul oluram. Bu isə mənim yükümü artırır”.
Tatyana deyir ki, bəzən valideynlər uşaqdan xəbərçi kimi istifadə edirlər. Onun sözlərinə görə, axşamlar ondan gün ərzində baş verənləri soruşur, bəzən isə hətta uşağın yalanlarına da inanırlar: “Mən tələbkaram, uşağa baxmaqla yanaşı, onu məktəbə də hazırlaşdırıram. Məktəbəqədər hazırlıq kitabları ilə məntiq testləri etdirirəm, hərfləri öyrədirəm. Görürəm ki, uşaq bezir və məni çox sevmir. Mən gəlib-getməyim deyə anasına yalandan deyib ki, guya mən onu evdə təkbaşına qoyub gedirəm, bütün gün telefonla danışıram”.
Müsahibimizin sözlərinə görə, hazırda ailələrin ən böyük silahı evlərdə gizlədilən gizli səs qurğuları, kameralardır: “Məncə, işlədiyim evdə də gizli səs qurğusu var. Çünki bunu hərdən ev yiyələrinin mənə dedikləri sözlərdən hiss edirəm. Çox etibar edirlər mənə. Evin xanımı pulların, qızılların olduğu otağın qapısını açıq saxlayır. Amma hərdən nəzarət üçün uşağın ata nənəsi qəfil bizə gəlir. Başa düşürəm ki, bu, nəzarət məqsədilə edilir. Qorxacağım, çəkinəcəyim heç nə yoxdur, ona görə də istədikləri kimi nəzarət edə bilərlər”.
Psixoloq Afaq Verdiyeva isə hesab edir ki, dayə yanında böyüyən uşaqlarla valideyn nəzarətində olan uşaqlar arasında xeyli fərq var. Sonunculardan fərqli olaraq “dayə uşaqları” ailəyə çox bağlı olmur: “Onlar ata-anasını axşamlar evə gedib-gələn qonaq kimi görür. Valideynlə uşaqlar arasında dayə bir vasitəçi, bəzən isə sədd rolunu oynayır. Uşaq valideynindən daha çox dayəsinin xasiyyətini, vərdişlərini mənimsəyir. Bu isə onların arasında bir qədər yadlıq yaradır”.
3 ildir uşağını dayəyə etibar edən bank işçisi Səbinə Ağayeva üçünsə dayə ən yaxşı seçimdir. Dediyinə görə, bağçalardakı epidemiya, tərbiyəçilərin xoşagəlməz rəftarı, qidalanma problemi onu bu variantı seçməyə məcbur edib: “Evimdə gizli kamera sistemi var. Hər şey nəzarət altındadır. Üzbəüz qonşum isə bacı kimidir mənə. Gündə 3-4 dəfə evə gəlib, dayəyə nəzarət edir. Onun gün ərzində nə yediyini, neçə dəfə gəzintiyə çıxdığını da bilirəm. Ürək rahatlığı ilə qoyuram uşağı dayəyə. Rəfiqələrimə də tövsiyə edirəm. Əsas odur ki, adamın qabağına pis dayə çıxmasın. Mən bu dayəni bir rəfiqəmin məsləhəti ilə tapmışam. Ayda 400 manat verirəm, amma ürəyim rahatdır. Bilirəm ki, uşaq nə yeyir, kim baxır, saat neçədə yatır. Düzdü, bir az məsrəfli işdir, amma valideyn kimi ürəyim rahatdır”.
S.Ağayevanın dediyinə görə, uşağına özü baxmayan ananın bir mənfi cəhəti var ki, o da uşağına “yox” deyə bilməməsidir: “Uşağa özümüz baxmırıq deyə həmişə içimdə yarımçıqlıq olur. Həmişə fikirləşirəm ki, mən bu uşağa yaxşı ana ola bilmədim. Ona görə də nə istəyirsə, alıram. Hara deyirsə, aparıram. Amma bilirəm ki, uşağı belə ərköyünləşdirmək olmaz”.
Mənbə: Ailəm.az
E.Ə.
www.oxu.az