Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda dəhşətli yanğın: 14 nəfər ölü – FOTO + VİDEO + YENİLƏNİB
Səhiyyə Nazirliyi Bakıda baş verən yanğın hadisəsi ilə bağlı növbəti rəsmi məlumat yayıb.
Oxu.Az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda, Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar 50 nəfər yaralı təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib:
"Əvvəlcədən yaralıların qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib. Yaralıların əksəriyyəti toksiki zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, qalan hissəsi Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı Bakı Şəhər Xəstəxanasına və Yanıq Mərkəzinə yerləşdirilib. 10 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.
Hazırda Səhiyyə nazirinin müavinləri xəstəxanalardadırlar, yaralıların vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər. Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 təcili və təxirəsalınmaz tibbi yardım briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqadamız hazır vəziyyətdə hadisə yerində qalır. Xəstəxanalarda olan yaralıların həyati təhlükəsi yoxdur".
15.30
Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 15 nəfərə yüksəlib.
Oxu.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində 63 nəfər xəsarət alıb.
14:48
Bakıda baş verən binada yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.
Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 43 nəfər xəsarət alıb.
43 nəfərdən 24-ü xəstəxanadadır, 9 nəfərə yerində yardım göstərilib.
14:08
Azərbaycan paytaxtında binada baş verən yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Oxu.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.
Ölənlərdən biri özünü binadan atıb, 2 nəfər isə tüstüdən boğulub. Boğulanların hər ikisi azyaşlıdır.
Onun sözlərinə görə, hadisə nəticəsində 20 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərə isə yerində yardım edilib.
12:58
Bakıda binada yanğın baş verməsi nəticəsində iki nəfər ölüb.
Oxu.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ölənlərdən biri qorxudan özünü binadan atan şəxs, digəri isə azyaşlıdır.
Azyaşlı tüstüdən boğularaq ölüb.
Ölənlərin kimliyi dəqiqləşdirilir.
Hadisə nəticəsində xəsarət alanların sayı isə 15-i ötüb.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
12:27
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakıda Azadlıq prospektində yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanlar və yaralananlar var.
Hazırda onların sayı və şəxsiyyəti müəyyənləşdirilir.
Qeyd edək ki, yanğının söndürülməsi üçün hadisə yerinə FHN-nin helikopterləri də cəlb edilib.
11:39
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda binada yanğının miqyası azalıb, lakin sakinlərdən öz evlərini tərk edə bilməyənlər var.
Hazırda FHN əməkdaşları onların təxliyyə olunması üzrə tədbirlər həyata keçirirlər.
Rəylər