Bakıda vətəndaşları şirnikləndirərək onları bir həftəlik xaricə istirahətə göndərən turizm firmasının yalanları faş olub.
Oxu.Az-ın BakiPost-a istinadən verdiyi məlumata görə, paytaxtın Süleyman Rəhimov küçəsi 185/1 ünvanında yerləşən "Crown Vacation Club” şirkətinin hədiyyə sertifikatının əsl mahiyyətinin nədən ibarət olduğu üzə çıxıb.
Uduş qazanan vətəndaşlardan biri deyib ki, sözügedən firmanın əməkdaşı ona zəng edərək Türkiyəyə 1 həftəlik istirahət hədiyyəsi qazandığını bildirib və mükafatlandırma tədbirinin keçiriləcəyi otelinin ünvanını verib.
Həyat yoldaşı ilə bir həftəlik Türkiyəyə gedəcəyinə sevinən şəxs deyilən tarixdə hoteldə olub və burada onun kimi mükafat qazananların gəldiyini görüb. Onlardan kimisi Bakıdakı restoranlardan birində şam yeməyi, kimisi şəhərdəki otellərdən birində istirahət, kimisi İndoneziyaya, kimisi Türkiyəyə, kimisi Dubay tur hədiyyəsi əldə edib.
Ancaq çox keçmir ki, “Crown Vacation Club” şirkətinin bu kələyinin üstü açılıb. İşin gülünc tərəfi odur ki, həmin 1 həftəlik tur xərclərinin 95 faizi uduş qazanmış vətəndaşın üzərinə qoyulub.
Bura yol xərcləri, günorta və şam yeməyi daxildir. Şirkət isə yalnız gecələməyə yer və səhər yeməyi verir. Sertifikatla tanış olanda o da aydın olur ki, demə, cütlüyə Türkiyədə qalmağa otel də yox, yaşayış binasında mənzil verilirmiş.
Turizm firmalarından birində 10 ildir çalışan təcrübəli menecerin sözlərinə görə, əslində həmin firmanın fəaliyyəti başqa məqsəd güdür:
“Bu firma uduş qazanan vətəndaşları Dubaya, Türkiyəyə, Kiprə, ərəb ölkələrinə, yəni müxtəlif kurort zonalarına həqiqətən də göndərir. Amma turist ora çatanda başqa mənzərə ilə qarşılaşır. Ona qaldığı mənzili sırımağa çalışırlar. Vətəndaş guya, tur paket qazanıb, amma öz cibindən xərcləyir, sonra da ev almağa təhrik olunur. Psixoloji cəhətdən təsir edirlər ki, imkanın varsa qaldığı bu evi alsın. Hətta ona müxtəlif şərtlər təklif edilir.
Z.Q.
www.oxu.az