Xəfiyyələr 1986-cı il təvəllüdlü Qaraçuxur qəsəbə sakini Əliyev Rafiq Ramiz oğlunu bıçaqla yaralamış şəxsləri axtarırlar.
Bu barədə Vesti.Az-a Suraxanı RPİ-dən məlumat veriblər.
Cinayət mayın 19-da, təxminən saat 23:00 radələrində törədilib. Dönərxana sahibi Rafiq Əliyev veteranlar parkındakı masa arxasında əyləşərək, gündəlik qazancını sayırmış. Bu zaman ona üç nəfər yaxınlaşıb və artıq 2-3 dəqiqədən sonra R.Əliyev bıçaqlanaraq, yerə yıxılıb. Cinayəti törədənlər isə dərhal hadisə yerindən qaçıblar. Əliyevin pulları masa üzərində qalıb, onlara heç kim əl vurmayıb.
Bildirilir ki, yaralı iki çətin əməliyyat keçirib, hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Bu arada yaralanmış dönərçi bu il aprelin 28-də peşəkar cüdoçu, 22 yaşlı Əliyev Rauf Nadir oğlunu yaralamış həmin Rafiq Əliyevdir.
Belə ki, aprelin 28-də Rafiq Əliyev içkili vəziyyətdə toydan Qaraçuxur qəsəbəsindəki evinə qayıdırmış. Qaldığı məhəllədə özgə adamı görən Rafiq Raufa yaxınlaşıb və məhəlləyə nə üçün gəldini soruşub.
Onun danışıq tərzi idmançının xoşuna gəlməsə də, cüdoçu ayaq üstə güclə dayanan Rafiqə bildirib ki, dostunu – hərbi qulluqçunu avtomobillə bura gətirib və elə indi onu gözləyir. Lakin bu cavab Rafiq Əliyevi qane etməyib və o, idmançını söyməyə başlayıb. O zaman Rauf Əliyev içkili məhəllə sakinini vurub və gənc insanlar dalaşmağa başlayıblar. Qüvvələrin qeyri-bərabər olduğunu görən Rafiq bıçağı çıxararaq, idmançının ürək nahiyəsinə soxub. Törətdiyi cinayətdən sonra Əliyev hadisə yerindən qaçıb gizlənib.
Qeyd edək ki, ağır yaralı idmançı hələ də Mərkəzi Neftçilər Xəstəxanasındadır.
Mayın 1-də Rafiq Əliyev həbs olunsa da, polisdən onun cinayəti törədən içkili olmasını nəzərə alıb, heç yerə getməmək barədə iltizam alaraq, istintaq müddətində sərbəst buraxmışdılar.
Faktla bağlı araşdırma davam edir.
www.vesti.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin