Bakıda dönərdən zəhərlənən şagirdlərdən daha biri evə buraxılıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Qeyd olunub ki, 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 2 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb:
“Hazırda 20 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”, - TƏBİB-dən bildirilib.
Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.
12:45
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblilərin kütləvi zəhərlənməsi ilə bağlı açıqlama yayıb.
Qurumdan Oxu.Az-a bildirilib ki, 2023-cü il oktyabrın 24-də AQTA-nın “1003-Çağrı Mərkəzi”nə daxil olmuş müraciət əsasında Bakı şəhərinin Xəzər rayonunda 21 nəfər məktəblinin zəhərlənmə şübhəsi ilə səhhətində baş vermiş problemlə bağlı müvafiq qurumların əməkdaşları ilə birgə dərhal araşdırmalara başlanılıb.
“Toplanmış anamnez məlumatlarına əsasən, hadisənin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən “Şah dönər” ictimai iaşə müəssisəsində hazırlanan dönərdən baş verdiyi müəyyən olunub.
Faktla bağlı agentliyin müfəttişləri tərəfindən “Şah dönər” ictimai iaşə müəssisəsinə baxış keçirilib, müəssisədə istifadə edilən bişmiş toyuq ətindən, ayrandan, dönər çörəyindən, mayonezdən, tərəvəzlərdən və digər məhsullardan nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir. Araşdırmaların yekun nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq”, - deyə açıqlamada qeyd olunur.
09:55
Oktyabrın 24-də Bakının Binə qəsəbəsində qidadan zəhərlənən şagirdlərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub:
“Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Bir uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda hər birinin vəziyyəti stabildir”.
Qeyd edək ki, uşaqların səhhəti Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.
07:47
Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdlərinin zəhərlənməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə əıaqədar agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
01:46
Oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin dönərdən zəhərlənən 20 şagirdinin adı məlum olub.
“Report” xəbər verir ki, bunlar aşağıdakılardır: Ş.Vəlizadə (11 yaş), H.Mustafayev (11 yaş), Y.Muradlı (11 yaş), T.Abdullayev (11 yaş), R.Əsgərli (10 yaş), B.Seyidzadə (11 yaş) və qardaşı F.Seyidzadə (14 yaş), S.Qasımlı (15 yaş), A.Abbaszadə (11 yaş), M.İsmayılov (10 yaş), İ.Sadıqzadə (14 yaş), C.Muradov (15 yaş), T. Talıbov (12 yaş), S.Bədəlli (13 yaş) və bacısı J.Bədəlova (15 yaş), Ə.Qasımov (14 yaş), Y. İbadov (14 yaş), R.Şükürov (11 yaş), F.Quliyev (14 yaş) və Ü.Səlimli (13 yaş).
Xatırladaq ki, onlarda müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunublar.
Zərərçəkənlərdən üçünün - T.Abdullayev, S.Qasımlı və F.Seyidzadənin vəziyyətləri ağırdır. Şagirdlər reanimasiya şöbəsinə yerləşdiriliblər.
Ü.Səlimli isə ambulator müalicədən sonra evə buraxılıb.
Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.
Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
00:21
Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 20 şagird hospitalizasiya olunur.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən uşaqların müalicələri davam etdirilir.
Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.
00:10
Daxili İşlər Nazirliyi (DİN) Bakıda məktəblilərin qidadan zəhərlənməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 24-də paytaxtın Xəzər rayonu Binə qəsəbəsində şagirdlər arasında qida zəhərlənməsi ilə bağlı daxil olan məlumat əsasında araşdırma aparılır:
“Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir”.
24.10.2023, 22:58
Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.
Bu barədən Oxu.Az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub:
“İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunublar.
Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib.
Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarının birindən dönər alıb yediklərini bildiriblər.
Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb”.
Qeyd edək ki, Elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər.
İlhamə Əbülfət
Rəylər