Bakının İbrahimpaşa Dadaşov küçəsində əyilmiş vəziyyətdə olan ağac sakinlərin narahatlığına səbəb olub.
Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub. Müraciətdə bildirilib ki, sözügedən ağac uzun müddətdir əyilmiş vəziyyətdə qalıb və hər an aşaraq ətrafdakılar üçün təhlükə yarada bilər.
Sakinlərin sözlərinə görə, ağacın aşma riski olsa da, indiyədək bununla bağlı hər hansı tədbir görülməyib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, həmin ağacın budanması məqsədəuyğun hesab edilmir.
Qurumdan qeyd olunub ki, ağacın sərt budanması onun bioloji inkişafına mənfi təsir göstərə bilər.
"Ağacın sərt budanması onun bioloji inkişafına zərər yetirə bilər. Ağacın kəsilməsi isə yalnız aidiyyəti dövlət qurumunun müvafiq rəyi əsasında həyata keçirilə bilər", - deyə məlumatda bildirilib.