Bakıda fərdi şəkildə təcili tibbi yardımla məşğul olan şəxslər peyda olublar. Onların istifadəsində xüsusi maşınlar da var.
"Unikal"a vətəndaşlardan daxil olan məlumata görə, bu maşınlarla xəstələrə təcili tibbi yardım göstərilir və ehtiyac duyulduqda tibb müəssisələrinə çatdırılır. Maraqlısı budur ki, bu şəxsi "tibbi yardım maşınlarına" xüsusi dövlət nömrə nişanları alınıb və müvafiq işıq və səs siqnalları ilə təmin olunub, amma bu maşınlar dövlət xəstəxanasına və ya özəl klinikaya bağlı deyil.
Məlumatda həmçinin qeyd edilir ki, bu maşınlar Azərbaycana yaxınlarda gətirilib və Bakı küçələrində günün istənilən vaxtı sərbəst şəkildə hərəkət edir.
Əhali dövlət tərəfindən maliyyələşdirilən təcili və təxirəsalınmaz tibbi yardımın səviyyəsindən narazıdır. Vətəndaşlar vaxtında reaksiya verilməməsi və düzgün tibbi müdaxilə edilməməsindən şikayətlənirlər. Özəl klinikaların ödənişli təcili tibbi yardımı isə əksəriyyətin maddi imkanları ilə üst-üstə düşmür.
Görünür, kimlərsə bu vəziyyətdən faydalanaraq fərdi şəkildə qanunvericiliklə müəyyən edilməyən şəkildə tibbi yardım təklif etməyə qərar verib. Bu şəxslərin sağlamlığı təhlükə altına düşən vətəndaşlara hansı tibbi xidmətləri göstərdiyi sual doğurur.
Əgər bu məlumatlar doğru olsa, Səhiyyə Nazirliyinin məsələdən xəbərsizliyi təəccüb doğurur. Nazirlik səhiyyə sektoruna nəzarəti itirmiş kimi görünür. Hətta apteklərdə qan təzyiqinin ölçülməsi qadağan olunduğu halda, fərdi tibbi yardım fəaliyyətinin qanunvericiliklə tənzimlənmədiyi görünür.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi səs və ya işıq siqnalları ilə təchiz edilməsi halları aşkarlandıqda, DYP əməkdaşları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilir və məhkəməyə göndərilir. Bu maddənin sanksiyasında alət və ya inzibati xətanın obyekti olmuş predmet müsadirə edilməklə beş yüz manatdan səkkiz yüz manatadək cərimə nəzərdə tutulub.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, belə nəqliyyat vasitələrində tibbi yardımın göstərilməsi ilə bağlı fakt aşkarlandıqda, aidiyyəti üzrə müraciət olunması tövsiyə olunur. Nəqliyyat vasitəsi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aid olduğu halda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə, özəl tibb müəssisəsinə aid olduğu halda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə, heç bir quruma aidiyyəti olmadığı halda isə hüquq mühafizə orqanlarına müraciət vacibdir.
Rəylər