Ötən ilin dekabr ayında əkiz qız övladı dünyaya gətirən ana hazırda komadadır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə qızın atası Nadir Lalayev məlumat verib.
Onun verdiyi məlumata görə, qızı Günay Lalayeva 3 saylı xəstəxanada 2 qız uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.
Dünyaya gələn uşaqlardan birinin çəkisi 2 kiloqram 700 qram, digərinin çəkisi isə 3 kiloqramdır. Uşaqlar normal olsa da, ananın vəziyyəti pisləşib. Sonradan Günayı yenidən əməliyyat etsələr də heç bir xeyri olmayıb və qadın komaya düşüb.
Dekabrın 26-da onu Mərkəzi Tibbi Xəstəxanaya yerləşdiriblər. Günayı həmin xəstəxanada yenidən əməliyyat ediblər. Onun bəzi orqanları, o cümlədən uşaqlığı çıxarılıb. Günayın qanının zəhərləndiyi də bildirilib. Hazırda qadın süni nəfəs aparatına qoşulub.
Günay Lalayevanı qeysəriyyə edən 3 saylı klinik xəstəxanasının ginekoloqu Seymur Ələkbərovun verdiyi məlumata görə, xəstə qəbul olunarkən onun vəziyyəti ağır olub. Onu qeysəriyyə əməliyyatı ediblər və uşaqlar sağlam şəkildə dünyaya gəlib.
“Sonradan qadının halı pisləşib. Müəyyən etdik ki, ağ ciyərlərinə su yığılıb. Sonradan onu Mərkəzi Tibbi Xəstəxanaya göndərdik. Orada xəstəni əməliyyat etdilər. Həkimlər bildiriblər ki, onun uşaqlığında problem olub. Ona görə uşaqlığı çıxarılıb. Lakin qadının halı yaxşılaşmayıb. Ciyərlərinə və qarnına yenidən su yığılıb”, - deyə Seymur Ələkbərov bildirib.
Seymur Ələkbərovun sözlərinə görə, xəstənin yaxşılaşması üçün əlindən gələni edib. Hətta 17 min manata yaxın cibindən xərc də çəkib. Neçə dəfə xəstənin qanı təmizlənib. Həkim hazırda xəstənin vəziyyətinin orta-ağır olduğunu bildirib.