Səhiyyə Nazirliyi ana ölümünə münasibət bildirib.
Baş verən ana ölümü ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Oxu.Az-a açıqlamasında bildirib ki, hamilə Turanə Məmmədova səhhətində yaranmış problemlə xəstəxanaya gətirilib: “Xəstə 7 saylı Doğum Evinə xroniki qepoksiya diaqnozu ilə daxil olub. Elə həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılıb və 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlayıb. Bütün lazımi reanimasion tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında qadın ölüb. Meyitin patoloji anatomik müayinəsi təşkil edilib. Hazırda nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır”.
11:40
Azərbaycanda daha bir hamilə qadın həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib.
Oxu.Az-ın azxəbər-ə istinadən verdiyi məlumata görə, bu barədə mərhum Turanə Məmmədovanın yaxınları xəbər veriblər.
Onların bildirdiyinə görə, gənc ana Qara Qarayevdə yerləşən 7 saylı doğum evində vəfat edib.
Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Ondan qan analizi götürülmədən qeysəriyyə əməliyyatına salınıb. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb.
Oğul anası olan gənc qadın analıq sevincini yaşamadan dünyasını dəyişib.
Yeddi saylı Doğum Evi məsələ ilə bağlı ətraflı məlumat veriləcəyini bildirib.
Turanə Məmmədovanın qohumlarının sosial şəbəkədə yaydığı fotosunu təqdim edirik:
Zülfiyyə Qurbanova
www.oxu.az