İyulun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu gecə 22-26, gündüz 29-34 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-13-də Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amil olsa da, günün bəzi saatlarında havada rütubətliliyin bir qədər çox olması narahatlıq yarada bilər.