Paytaxtda maşınla qəsdən adam vuranlar saxlanılıblar.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Rövşən Hüseynov küçəsində qeydə alınıb.
Zərərçəkmişin ailə üzvləri bildiriblər ki, mübahisə əmioğlanları arasında olub. Lakin qarşı tərəf tanımadıqları şəxsləri gətirərək onlara hücum edib.
Firudin Bağırovun anası deyib ki, hadisə zamanı gəlin də yıxılaraq xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub. Təcili Tibbi Yardım briqadası tərəfindən 49 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Ona başın tüklü hissəsinin sınığı ilə müşayiət olunan açıq yara, bud-çanaq oynağının və diz oynağının əzilməsi, bud-çanaq və bud nahiyəsinin dəqiqləşdirilməmiş səthi travması diaqnozu ilə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən şəxs öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.
Məsələ ilə bağlı qarşı tərəf isə heç bir açıqlama vermək istəmədiyini bildirib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən qeyd edilib ki, həmin şəxslər artıq saxlanılıblar.
Ətraflı süjetdə:
Bakıda yaşayan Şərur rayon sakini Firudin Bağırov evinin qarşısında avtomobillə vurulub.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb.
İddia olunub ki, avtomobili onun üstünə qəsdən sürüblər. Mübahisə zəminində baş verən hadisəni törədən isə yaxınlıqdakı kafenin sahibi Rauf adlı şəxsdir.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə mayın 20-də qeydə alınıb.
"Paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı cinayət işi başlanılıb.
İnsident zamanı Rauf Şamxalov idarə etdiyi "Hyundai" markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir", - deyə C. Qənbərli bildirib.
Əzizə İsmayılova