"Bakının Nərimanov rayonunda işıqforun görünməməsi problemi müraciətdən sonra ən qısa zamanda aradan qaldırıldı".

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən verilib.
Bildirilib ki, bu cür hallar baş verdikdə müvafiq qurum tərəfindən birliyə rəsmi müraciət edilməlidir.
"Lakin buna baxmayaraq, şəhərdə mütəmadi olaraq monitorinqlər keçirilir, problemli ünvanlar müəyyənləşdirilir və birliyin əməkdaşları tərəfindən həmin ərazilərdəki ağaclar budanaraq dayanacaq, işıqfor və yol nişanlarının görünməsinə mane olan hallar aradan qaldırılır.
Onu da nəzərə almaq lazımdır ki, bu, daimi prossesdir və yaşıllıqlar il boyu inkişaf etdiyindən belə faktlar qaçılmazdır", - deyə açıqlamada vurğulanıb.
"Paytaxt ərazisində görüntüsü məhdudlaşdırılmış 48 yolayırıcında olan işıqforların siyahısı tərtib olunub".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov verib.
O qeyd edib ki, qurum əməkdaşları paytaxt yollarında monitorinq aparıblar:
"Monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış 48 yolayırıcında olan işıqforların siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib".
Bakının Nərimanov rayonunda işıqforun görünməsinin ağac budaqları ilə məhdudlaşması sürücülərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.
Bildirilib ki, problem rayonun Fətəli xan Xoyski küçəsində müşahidə olunur. Yol kənarında yerləşən ağacların budaqları işıqforun qarşısını qismən kəsdiyindən sürücülər siqnalları vaxtında görməkdə çətinlik çəkirlər.
Sakinlər və sürücülər qeyd edirlər ki, mövcud vəziyyət xüsusilə hərəkətin intensiv olduğu saatlarda təhlükə yaradır və yol-nəqliyyat hadisəsi riskini artırır.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.