“Yasamal rayonu, Mirzağa Əliyev küçəsi 108 ünvanında bir sakinin köçürmə ilə bağlı verilən kompensasiyanın miqdarına etiraz olaraq özünü yandırması barədə yayılan məlumatlar tamamilə əsassızdır”.
Oxu.Az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Sovetski” məhəlləsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.
S. İslamov bildirib ki, həmin ünvanda ümumi həyət yerləşir. Onun sözlərinə görə, həmin ünvanda yaşamış Eldar Tağıyev hələ keçən ilin aprel ayında kompensasiyasını alaraq köçüb, mənzil isə boş qalıb.
14:33
Bu gün Bakı sakini özünü yandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şahidlər məlumat veriblər.
İnsident hazırda evlərin sökülməsi prosesinin getdiyi Mirzəağa Əliyev küçəsi 108 ünvanında baş verib.
Şahidlərin sözlərinə görə, hadisənin səbəbləri məlum deyil. Onların zənnincə, həmin şəxs evinin sökülməsinə görə ödənilən kompensasiya ilə əlaqədar bu addımı atıb.
Hadisənin baş verdiyi yer mühafizəyə alınıb. Həmin əraziyə jurnalistlər və digər şəxslər buraxılmır.