Bakının mərkəzində bir müddət əvvəl bağlanılmış küçə kafeləri yenidən fəaliyyətə başlayıblar. Havaların çox isti keçməsinə baxmayaraq, onların ziyarətçiləri böyük məmnuniyyətlə mərkəzi kafelərin qarşısındakı terraslarda əyləşirlər.
“Stollarsız küçələr qeyri-adi və boş görünürdü. Açıq havada əyləşib gülümsəyən insanları izləmək çox xoşdur. Bu, bir növ sakitlik gətirir” – “Mado” kafesinin ziyarətçilərindən biri olan N.Musayev deyir.
Strit-fudların personal da öz sevincini gizlətmir.
“Biz stolları geri qaytaran kimi kafenin daxili hissəsində əyləşənlər yoxa çıxdılar. Yay vaxtlarında hər kəs açıq terrasda əyləşməyə üstünlük verir” – deyə, Al Chikenin administratoru bildirib.
Onların sözlərinə görə, bu kafelərin küçədəki hissələrinin bağlanılması sənədləşirmədə olan səhvlərlə bağlıdır.
“Sənədlərimizin vaxtı bir neçə gün ötmüşdü. Həm də indi stolların sayı bir qədər azalıb. Xoşbəxtlikdən indi bütün problemlər aradan qaldırılıb və insanlar küçədəki masaların arxasında əyləşməkdən zövq ala bilərlər” – o, vurğulayıb.
“Caprice” kafesi də küçədəki stollarını bərpa edib.
“Şaurma N1”in bəxti isə hamıdan az gətirib. Onlar hələlik kafenin küçədəki hissəsinin fəaliyyətinə icazə ala bilmirlər. “Şaurma N1”in Nizami və Mirzəağa Əliyev küçələrindəki stolları yığışdırılıb.
“Biz belə ayrı-seçkiliyin nə ilə əlaqədar olduğunu bilmirik. Nə üçün digər kafelər küçədəki hissələrini qaytarmağa icazə ala bildi, biz isə yox? Bizə heç bir səbəb göstərməyiblər” – deyə, “Şaurma”nın əməkdaşı deyir.
Bakı şəhəri İcra Hakimiyyətinin Ticarət və xidmətlər departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun sözlərinə görə, problemin sənədləşdirmədəki səhvlərlə əlaqədar olması mümkündür.
“Hansısa kafelərin küçə hissəsinin bağlanılmasının səbəbi çox hallarda onların yol verdikləri pozuntularla bağlıdır. Məsələn, hansısa küçənin bir hissəsinin qeyri-qanuni bağlanılması. Bu səhvlər aradan qaldırıldıqda isə, bütün strit-fudların fəaliyyəti bərpa olunacaq” – deyə, Ə.Bağırov bildirib.