Dekabrın 23-də saat 08:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Yeni inşaat” MTK-ya məxsus yaşayış binasının liftində yaranmış nasazlıqla əlaqədar 13-cü mərtəbədən şaxtaya düşməsi nəticəsində binanın liftdə olan 9 sakinindən Camal Abışov, Günay Abışova, Nəzrin Məmmədova, Humay Əfəndiyeva, Xalıq Məmmədov, Niyaz Məmmədov və Oruc Baxşəliyevin müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, zərərçəkmiş şəxslərdən X. Məmmədov, N. Məmmədov və O. Baxşəliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin isə müalicəsi davam etdirilir.
Prokurorluq və polis orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin və “Baklifttəmir” İstehsalat Birliyinin mütəxəssislərinin iştirakları ilə hadisə yerinə baxış keçirilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Cinayət işinin istintaqı nəzarətə götürülməklə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
12:17
Bakıda səhər saatlarında bədbəxt hadisə baş verib.
Oxu.Az “Qafqazinfo”-a istinadən xəbər verir ki, qəza Nərimanov rayonunda baş verib.
Qarabağ küçəsində yerləşən binaların birində liftin trosu qırlıb. Həmin an liftdə olan 3 azyaşlı olmaqla, 7 nəfər ağır yaralanıb.
Liftdə yaralananlar arasında ər-arvadda olub. Onlar üç gün əvvəl ailə qurublar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.
Hadisə şahidlərinin sözlərinə görə, xoşbəxtlikdən liftin trosu yuxarı mərtəbədə qırılmayıb. Lift birinci mərtəbədə dayanmayıb və “padval”a düşüb.
Hazırda Nərimanov rayon prokuroru və Nərimanov RPİ. 18-ci PB-nin rəis müavini də sözügedən binadadır və əraziyə baxış keçirilir.
E.Ə.
www.oxu.az