Fövqəladə Hallar Nazirliyin Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus üçmərtəbəli 95 saylı orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məktəbin 1-ci mərtəbəsinin giriş hissəsində 30 kv.m sahədə mebel dəsti yanıb. Yüksək temperaturdan giriş qapısı və 2 ədəd pəncərə əriyib. Hadisə zamanı 2 şagird və 1 nəfər müəllim xilas, 75-80 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Yanğından məktəb binasının qalan hissəsi mühafizə olunub. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
10:35
Bu gün saat 09.10 radələrində Bakı şəhərində yerləşən Ayaz Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin bir korpusunun dəhlizində yanğın hadisəsi qeydə alınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə olan bütün şagird və müəllimlər, texniki heyət təxliyyə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub və yanğın artıq söndürülüb. Xəsarət alan yoxdur.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları hadisə yerindədir. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.
09:47
Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə yanğın hadisəsi baş verib.
Oxu.Az-a daxil olan məlumata görə, hadisə bir neçə dəqiqə bundan öncə olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi, həmçinin Təcili Tibbi Yardım maşınları əraziyə cəlb olunub. Yanğın artıq söndürülüb.
Yanğının başvermə səbəbi hələlik bilinmir.
E.Ə.
www.oxu.az