Binəqədi rayonunda polis əməkdaşının idarə etdiyi avtomobil sürət həddinin aşılması nəticəsində qəza törədib.
Oxu.Az xəbər verir ki, ANS TV-nin məlumatına görə, hadisə zamanı Azadlıq prospekti ilə Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətdə olan “Nissan” markalı minik maşını sürücünün nəzarətindən çıxaraq əvvəlcə səkilərə çırpılıb. Sürətin çox olması minik avtomobilinin meyilliyi olan yamaca qalxmasına səbəb olub. Tarazlığı pozulan “Nissan” elə oradan yolun ortasına aşıb. Maşını çevrilmiş vəziyyətdə qoyan sürücü isə ərazidən uzaqlaşmağa müvəffəq olub.
Əraziyə cəlb olunan Yol Patrul Xidmətinin əməkdaşları maşına baxış keçiriblər. Bəlli olub ki, avtomobili polis əməkdaşı idarə edirmiş. Bunu deməyə əsas kimi isə maşının içərisində olan xüsusi uniformanı göstərmək olar. Hadisə yerinə baxış keçirildikdən sonra “Nissan” cərimə dayanacağına təmin edilməsi üçün evakuatora yüklənib.
Binəqədi rayon Dövlət Yol Polisi İdarəsində aparılacaq araşdırmaların sonunda maşının sahibinin kimliyinə və nə üçün ərazini tərk etməsinə aydınlıq gətiriləcək.
E.Ə.
www.oxu.az