Qurbanovun vaxtı ilə dolaşdırdığı kələfin ucunu payçılar və varislər hələ də tapa bilmirlər.
İyun ayının 20-də Yasamal rayon 29-cu Polis İdarəsinə Abşeron rayon sakini 1962-ci il təvəllüdlü Rafael Qurbanov böyük məbləğdə dələduzluq barədə müraciət edib. Rafael Qurbanov qeyd edib ki, 2008-ci ildə Olimpus-Az MMC-nin direktoru Rauf Qurbanov mənzil satmaq adı altında ondan 136,450 manat alıb və qaytarmayıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Yasamal rayon Polis İdarəsindən bildiriblər.
Amma demək lazımdır ki, şikayətçi Qurbanov bir qədər gecikib. 29-cu polis bölməsindən bildiriblər ki, Abşeron sakini Rafael Qurbanovun 6 il bundan öncə halal pulunu verdiyi insan vəfat edib.
Rauf Qurbanov ürək çatışmazlığından 2012-ci ilin yanvar ayında vəfat edib. Tikilməmiş evlərin satışı ilə bağlı qalmaqal isə 2007-ci ildə başlayıb. Olimpus-Az Yasamal rayonu, Talıblı-4 ünvanında ev tikməyi vəd etmişdi. Şirkət alıcılardan pul yığıb, amma bina isə tikilib başa çatdırılmayıb. Verilən məlumata görə yarımçıq qalmış 4 mərtəbəli bina hələ də həmin vəziyyətdədir. Tikinti meydanında işlərin dayandırılmasından 6 il keçir.
Polisə Rauf Qurbanovdan çoxsaylı şikayət ərizələri daxil olub. Tezliklə Rauf Qurbanov və onun partnyoru Vüsal Rəhimov saxlanılıb və dələduzluqda ittiham ediliblər. Ağır cinayətlər üzrə Məhkəmə Rauf Qurbanovu 11 il, Vüsal Rəhimovu isə 4 il azadlıqdan məhrum edib. Rauf Qurbanov həbsxana kamerasında vəfat edib.
Bu gün bölmədə qeyd etdikləri kimi Qurbanovun vaxtı ilə dolaşdırdığı kələfin ucunu payçılar və varislər hələ də tapa bilmirlər. Mülk bölgüsü üzrə məhkəmə iclasları hələ də davam edir. Beləliklə də aldadılmış alıcılara təzminat ödəyəcək şəxsin müəyyən edilməsinə hələ çox var.