Azərbaycanın paytaxtı Bakı şəhərində yay mövsümü üçün davamiyyətinə görə rekord sayılaacq tıxac qeydə alınıb.
İyunun 21-i iş gününün sonundan iyunun 22-i səhər saatlarınadək Bakının şimal çıxışlarında böyük avtomobil tıxacı müşahidə olunub və hərəkət tam dayanıb. 7-12 saat ərzində Bakıdan Sumqayıt və Binəqədi şoseləri istiqamətində hərəkət tam dayanıb. Yalnız iyunun 22-si səhər saat 3 radələrində hərəkət tam normallaşıb.
Tıxaca səbəb Azadlıq meydanında iyunun 26-da keçiriləcək paradın iyunun 23-nə təyin olunmuş əsas məşqlərinə hazırlıq olub. Bu səbəbdən Azadlıq meydanı və bitişik küçələrlə hərəkət hələ iyunun 18-dən dayandırılıb. Dünən isə şəhərin mərkəzi hissəsində yaranmış nəqliyyat kollapsına Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək paradın əsas məşqlərində iştirak üçün hərəkət edən hərbi texnikaya “yaşıl dəhlizin” açılması əlavə olunub. Bu səbəbdən Biləcəri və Bakının şimal hissəsinə giriş/çıxış üçün alternativ qismində istifadə olunan Böyükşor şosesi üzrə nəqliyyatın hərəkəti tam dayandırılıb.
Nəticədə, “20 Yanvar” metro stansiyasından başlayaraq, Tbilisi prospekti və prezidentin Binəqədi qəsəbəsindəki bağ evindən başlayaraq, Azadlıq/Binəqədi prospekti tam dayanıb. Bu nəqliyyat arteriyalarında tıxacın uzunluğu 15-20 kilometrə çatıb.
Nəticədə Xırdalan, Sumqayıt şəhərləri, Abşeron rayonu və Bakının şimal rayonlarının sakinləri evlərindən uzaqda qalıblar. Ən yaxşı halda onlar “20 Yanvar” və “Azadlıq” metro stansiyalarından (Bakı metropoliteninin ən şimalda yerləşən stansiyaları) çıxaraq, 5-30 kilometrədək piyada gedərək, evlərinə çata bilərdilər.
www.abc.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin