Bakıda Şaxta baba kimi çalışmaq üçün xarici dil biliyi ilə bağlı heç bir tələb yoxdur. Saytlar özləri şişirdirlər. Guya biz onların boy-buxununu ölçürük, guya onlardan xəstəlik, sağlamlıq kağızı istəyirik və ya hansı dilləri bildiklərini öyrənirik. Mətbuatda yazılan yanlış informasiyalara görə, Şaxta baba olmaq istəyənlərin də sayı azalıb.
Bu sözləri Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib.
Onun sözlərinə görə Şaxta baba olmaq üçün xüsusi tələblər yoxdur:
“Müraciət edənlər haqqında informasiya almaq üçün biz onların sadəcə şəxsiyyət vəsiqələrinin surətini götürürük. Sonra icazə veririk ki, onlar öz fəaliyyətlərini davam etdirsinlər”
Əlabbas Bağırov həmçinin vətəndaşları ehtiyatlı olmağa çağırdı:
“Evlərə gedən Şaxta babalar və Qar qızları bizdən lisenziya almalıdırlar. Keçən illərdə baş verən hadisələr göstərdi ki, icazəsiz gedənlər də olur. Şəhərimizin sakinləri belə məsələlərdə diqqətli olmalıdırlar. Onların arasında Şaxta baba adı ilə oğurluq edənlər olur. Yəni, onlara verilən icazələrin də səlahiyyəti bizdədir. Ona görə də, vətəndaşlar evlərə gələn Şaxta baba, Qar qızından lisenziya tələb etməlidirlər. Xoşagəlməz hallar baş verdiyi halda, lisenziyasız fəaliyyət göstərən Şaxta baba, Qar qızlarına görə biz məsuliyyət daşımırıq”.
Onun sözlərinə görə, lisenziya qiyməti 60 manatdır. Heyət şəklində olduqda, yəni fotoqraf, Qar qız, Şaxta baba - bu halda lisenziyanın qiyməti 180 manat təşkil edir.
Onun sözlərinə görə, evlərə dəvət olunmuş Şaxta babalara ev yiyəsi tərəfindən əlavə haqq ödəyənlər də olur.
“2013-cü ildə Şaxta baba olmaq üçün müraciət edənlərin sayı 50 nəfər idi. 2014-cü ildə isə bu rəqəm 27-30 nəfər arasında olub. Dekabrın 16-na qədər bizə müraciət edənlərin sayı 8 nəfərdir. Çox güman ki, ayın sonuna qədər sayı artacaq. Havaların mülayim keçməsi ilə əlaqədar qış mövsümü hələ ki, şəhər sakinləri arasında hiss olunmur. Bu səbəblərə görə həmin Şaxta baba, Qar qızları ayın 20-dən sonra fəaliyyət göstərəcəklər” - deyə, o vurğuladı.
Ülviyyə R. Əli
www.oxu.az