Dekabrın 1-də Bakının Yasamal rayonunda sürücü polisin həyat və sağlamlığına zərər yetirib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Yasamal rayon Polis İdarəsində bildiriblər.
Xəbər verildiyi kimi saat 13.45-də metronun “20 yanvar” stansiyası yaxınlığında olan Dövlət Yol polisi inspektoru 1986-cı il təvəllüdlü çavuş Qarayev Müşfiq Əsəd oğlu postda olarkən, yol hərəkəti qaydalarını pozan “Mercedes” markalı avtomobilin sürücüsü Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Səfərov Fuad Maarif oğlunu saxlayıb.
Polis inspektoru qayda pozuntusuna dair protokol tərtib etməyə başlayıb.
Bununla əlaqədar Səfərovun tanışı 50 CF 294 dövlət nişanlı digər “Mercedes” markalı avtomobili idarə edən 1991-ci il təvəllüdlü Səmədov Elvin Xeyrəddin oğlu maşından düşərək münaqişə yaradıb. Bundan sonra Səmədov qaza basaraq DYP inspektorunun ayağının üstündən keçib.
Nəticədə sol ayağından zədə alan polis Respublika Kliniki xəstəxanasına çatdırılıb.
Qaydanı pozan şəxslərə gəldikdə isə onlar saxlanılıb. Fakt üzrə istintaq aparılır.