Bakının Xəzər rayonu, Binə qəsəbəsində avtomobillərin yolun ikinci zolağında park edilməsi sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, nəqliyyat vasitələrinin nizamsız şəkildə, xüsusilə də ikinci zolaqda park olunması həm piyadaların, həm də digər avtomobillərin hərəkətinə ciddi maneələr yaradır.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli qeyd edib ki, sözügedən ərazidə nəzarət tədbirləri gücləndirilib.

"Sözügedən ərazidə Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitələrini səkidə saxlayaraq piyadaların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülür", - deyə T.Nəsirli vurğulayıb.



Əzizə İsmayılova