Türkiyənin Biləcik vilayətində jandarmanın "Dayan" əmrinə tabe olmayaraq qaçan və saxlanıldıqdan sonra 420 min 743 lirə məbləğində rekord yol cəriməsi tətbiq edilən 26 yaşlı sürücü sərbəst buraxıldıqdan bir neçə saat sonra evində həyatına son qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Hadisə ötən gün Biləcik şəhərinin Pelitözü məhəlləsində baş verib. "Tofaş Tempra" markalı avtomobili idarə edən H.Ö. jandarmanın "Dayan" əmrinə tabe olmayaraq əks istiqamətə çıxıb və yüksək sürətlə qaçmağa başlayıb. Uzun sürən təqibdən sonra o, Gölpazarı rayonunun Kiçükyenice kəndi yaxınlığındakı tarlada saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, H.Ö. sürücülük vəsiqəsi ləğv edildiyi halda sükan arxasına keçib. Bundan əlavə, "Dayan" əmrinə tabe olmamaq, əks istiqamətdə hərəkət etmək, avtomobili natamam qeydiyyat nişanı ilə idarə etmək, təhlükəsizlik kəmərindən istifadə etməmək, yol nişanlarının tələblərini pozmaq və avtomobilin üzərinə icazəsiz reklam yapışdırmaq kimi bir sıra qayda pozuntularına görə ona ümumilikdə 420 min 743 lirə məbləğində cərimə yazılıb.
İfadəsi alındıqdan sonra sərbəst buraxılan sürücünün avtomobili cərimə meydançasına aparılıb. Jandarmadakı prosedurlar başa çatdıqdan sonra dostları H.Ö-nü Beşiktaş məhəlləsindəki evinə aparıblar. Evə daxil olan gənc birbaşa otağına keçib. Qısa müddət sonra otaqdan atəş səsi eşidilib. Otağa daxil olan anası oğlunu qan içində yerdə tapıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası H.Ö-nün qeydiyyatsız ov tüfəngi ilə özünə atəş açaraq həyatına son qoyduğunu müəyyən edib. Faktla bağlı araşdırma davam etdirilir.