İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə partiyadan məlumat verilib.
Bildirilib ki, iclasda bir sıra rayon təşkilat sədrlərinin təqaüd yaşına çatmaları ilə əlaqədar vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov tutduqları vəzifələrdən azad olunublar.
YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxış edərək, partiyanın inkişafında mühüm xidmətləri olan həmin şəxslərin Heydər Əliyev ideyalarına sadiqliyini vurğulayıb. O, veteran sədrlərin bundan sonra da dövlətçilik irsinin gənc nəslə aşılanması və Prezident İlham Əliyevin siyasətinin təbliğində öz təcrübələri ilə dəstək olacaqlarına əminliyini ifadə edərək, onlara xatirə hədiyyələri təqdim edib.
İclasda, həmçinin yeni təyinatlar həyata keçirilib:
1. İlqar İlyasov - Qaradağ rayon təşkilatının sədri;
2. Vüsalə Əliyeva - Sədərək rayon təşkilatının sədri;
3. Nicat Ələkbərov - Şahbuz rayon təşkilatının sədri;
4. Zamir Güvəndiyev - Şəmkir rayon təşkilatının sədri;
5. Emil Tağıyev - Xaçmaz rayon təşkilatının sədri;
6. Kamran Əmirov - Qusar rayon təşkilatının sədri.
YAP sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Azər Badamov çıxış edərək, namizədlərin yeni vəzifələr üçün uyğun olduqlarını qeyd edib, onlara uğurlar arzulayıblar. Yeni təyin olunan sədrlər göstərilən etimada görə partiya sədri, dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildirərək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bəyan ediblər.