Bakının Xətai rayonu ərazisində taksi duracağının zəbt olunması sürücülərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Qeyd olunub ki, Xocalı prospektində yerləşən "Dəmirçi Plaza"nın qarşısında taksi duracağı nişanı olsa da, plazaya gələn digər avtomobillər ərazini zəbt edirlər və bu səbəbdən taksi duracağında yer olmur.
Oxu.Az-a açıqlamasında məsələyə aydınlıq gətirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, sözügedən ərazidə taksilərin duracaq yerində saxlayan digər nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

"Yol hərəkəti haqqında" Qanunun (YHQ) 52-ci maddəsinə əsasən 5.14 "Minik taksilərinin duracaq yeri" yol nişanı quraşdırılan ərazi taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin dayanması və durması üçün nəzərdə tutulub. Bu səbəbdən digər avtomobillərin həmin yol nişanının təsir zonasında dayanması və durması qadağandır. Bu cür hal öz növbəsində inzibati məsuliyyət yaradır və sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən 2 cərimə balı və 40 manat məbləğində cərimə tətbiq olunur", - deyə T.Nəsirli bildirib.

Əzizə İsmayılova