Bakıda torpaq bazarında durğunluq hökm sürür.
Ancaq bağ evləri alan və tikdirən şəxslərin hesabına yazın gəlişi ilə torpaq bazarında nisbətən canlanma gözlənilir.
Oxu.Az Xezerxeber.az-a istinadla məlumat verir ki, Rieltorlar Assosiasiyasının rəhbəri Vəfadar Axundov durğunluğa görə bağ evi üçün satılan torpaqların qiymətinin 8-10 min manatdan 5-6 min manata endiyini deyir. Ev tikmək üçün Bakının müxtəlif yerlərində, hətta 1 sotu min manata da tapmaq mümkündür.
Rieltorlar Assosiasiyasının rəhbəri bildirir ki, hazırda Azərbaycanda daşınmaz əmlak almaq istəyənlər, əsasən xaricdə yaşayan və ya işləyənlərdir.
Bakıda ən bahalı torpaq sahələrinin satıldığı ərazi də bəllidir. Burada qiymətlər tikinti bumu zamanı olandan ən az 20-30 faiz daha aşağıdır.
Vəfadar Axundovun sözlərinə görə, Azərbaycanın daşınmaz əmlak bazarına ərəb ölkələrindən böyük maraq var. Artıq bu ölkələrin iş adamları hotel, yaşayış massivi inşa etmək üçün müraciətlər ediblər. Həm xarici ölkələrdə yaşayan azərbaycanlılar, həm də xarici investorların hesabına torpaq bazarında yaya doğru canlanmanın yaşanacağı proqnozlaşdırılır.
İ.N